"30 ildir eyni səhvlər təkrar olunur" - AÇIQLAMA

Mətbuatda tez-tez “Ağdərə rayonu”, “Əsgəran rayonu” ifadələrinə rast gəlirik.  

Yazıçı-publisist, jurnalist Kərim Kərimli feysbuk hesabında yazıb ki, Azərbaycan Respublikasının ərazisində "Ağdərə" və "Əsgəran" adlanan rayon yoxdur. 


“Azərbaycan Respublikasının Tərtər rayonunun tərkibində Ağdərə qəsəbəsi və Xocalı rayonunun tərkibində Əsgəran qəsəbəsi var. Ona görə də erməni mətbuatından "kopya"ladığınız "...Əsgəranın Ağbulaq, Naxçıvanlı... və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib..." tipli xəbərləriniz nəinki yanlışdır, həm də ölkəmizin ərazi-inzibati bölgü prinsipinə və dövlət suverenliyinə hörmətsizlikdir, həqarətdir”.

Asayis.Az xəbər verir ki, tanınmış jurnalist bildirib ki, nədənsə jurnalistlər israrla 30 ildir eyni səhvləri təkrar etməyə davam edirlər:

“Ağdərə rayonu vaxtilə ləğv olunub, ərazisi Ağdam, Tərtər və Kəlbəcər arasında bölünüb. Əsgəran rayonu ləğv edilərək onun bazasında Xocalı rayonu yaradılıb və Əsgəran qəsəbəsi də Xocalı rayonunun tərkibinə daxil edilib. Hər iki qərar Azərbaycan dövlətinin qərarıdır. Nəyə görə bizim jurnalistlər israrla “Ağdərə rayonu”, “Əsgəran rayonu” ifadəsini işlədirlər. Axı Respublikanın inzibati ərazi bölgüsündə bu adda rayonlar yoxdur. Hadrut və Martuni rayonları isə ləğv edilərək  Xocavənd rayonunda birləşdirilib. Yəni ikisinin bazasında və ərazisində bir rayon - Xocavənd yaradılıb.Hələ mənə irad tuturlar ki, niyə bunun üzərində dayanırsınız? Hökumətimizin qərarından narazısınızsa, bildirin”.
Demokrat.az

10:00 - 22 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin