“Təəssüf ki, Paşinyan elə bir adamdır ki, atmış olduğu imza və vermiş olduğu vədləri bir neçə gün sonra danır və bunun əksi istiqamətində münasibət bildirir. Dünyada öz imzasını və sözünü inkar edəcək ikinci bir xalq və hökumət yoxdur”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın sson açıqlamasına münasibət bildirib.
Xatırladaq ki, o deyib: “Oktyabrda ayında keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanması məsələsi mümkün olmayacaq”.
R. Alıyev bununla bağlı bildirib:
“Paşinyanın şərtləri qəbul etməsi, yaxud etməməsinə gəldikdə, o, yaxşı bilir ki, Azərbaycan qalib ölkə və özü isə kapitulyasiya aktına imza atan bir ölkənin Baş naziridir. Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sənəd var. Bundan başqa, Üçtərəfli bəyanat. Həmin sənəddə müəyyən müddəalar var ki, hər iki ölkə bunu yerinə yetirməlidir. Onlardan biri Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri çıxarmasıdır. İrəvan hələ də bunu etməyib.
Azərbaycan həmin sənədi əsas götürərək, istədiyi zaman antiterror əməliyyatı həyata keçirə, qanunsuz erməni birləşmələrini ərazimizdən təmizləyə bilər. Bu, suveren hüququmuz və daxili işimizdir, ona heç bir ölkə müdaxilə edə bilməz.
Praqa görüşündə erməni baş nazir Azərbaycan ərazilərini tanıdığını bəyan edib. İndi Paşinyanın istədiyi Qarabağ məsələsinin sülh sazişinə daxil edilməsidir. Bu, gülünc bir təklifdir.
Hazırda o, Qərbə yaxınlaşmaq istəyir və ABŞ-nin 85 hərbçisini ölkəyə dəvət edib. Erməni nazir belə etməklə əsrlərdir ermənilərin dəstəkçisi olan Rusiyaya qarşı xəyanət edirsə, təbii ki, Moskva bunu bağışlamayacaq. Eyni zamanda, ABŞ-yə yaxınlaşmaq İran üçün də arzuolunmaz bir addımdır. Bu amillər Ermənistana təsir edəcək”.