“Azərbaycan Ermənistana son xəbərdarlığı edib”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.
O, sabiq xələfi Elmar Məmmədyarovun “Ermənistanla sülh bağlamaq üçün müharibə olmalıdır” açıqlamasına münasibət bildirib.
Eks-nazir əlavə edib ki, indiki mərhələdə vəziyyətin inkişafı Ermənistanın siyasətindən asılıdır:
“Açıq şəkildə görürük ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini davam etməkdədir. İrəvanın bu istiqamətdəki cəhdləri davam edir. Hazırkı gərginlik fonunda baş verən son hadisələr, o cümlədən Azərbaycan Prezidentinin bəyanatları, hərbi qüvvələrimizin təlimləri, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyana zəngi və digər amillər onu göstərir ki, Azərbaycan o mövqedədir ki, Ermənistana axırıncı xəbərdarlıq edib və göstərmək istəyir ki, İrəvanın işğalçı siyasətinin davamı dözülməzdir.
Hərbi əməliyyatların bərpasına gəlincə, çox şey Ermənistanın mövqeyindən asılıdır. Ya işğalçı siyasətə son qoyacaq, ya da Azərbaycan onu bu siyasətdən əl çəkməyə məcbur edəcək. Bu gün Azərbaycanın atdığı addımlar xəbərdarlıqlardır. İndi söz, yaxud cavab Ermənistan tərəfindədir. Baxaq, görək, onların buna cavabı necə olacaq. Bizimlə masaya oturacaqmı, yoxsa işğalçı siyasətə davam edəcək. Buna zaman qərar verəcək”.