“İtirdiyi nüfuzu bərpa etmək istəyir” - Rusiyadan Afrikaya jest

 “İtirdiyi nüfuzu bərpa etmək istəyir” - Rusiyadan Afrikaya jest

Afrika ölkələrinə pulsuz taxıl tədarükünə yaxın zamanda başlanacaq. Bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə deyib. 

“Rusiyanın taxıl anlaşmasını sona çatdırması Afrika ölkələrində ciddi narazılıqla qarşılandı. Hətta Sankt-Peterburq şəhərində keçirilən Rusiya –Afrika sammitində Afrika ölkələri tərəfindən açıq şəkildə bu qərarın yanlış olduğu söylənildi. Nəticə etibarilə, Rusiya bu imic itkisini təqribən 1 milyon tona yaxın taxılı Afrika ölkələrinə pulsuz paylamaqla geri qaytarmağı düşünür”.


Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın yardım təşəbbüsünün arxasında dayanan məqamları şərh edərkən deyib.  

O qeyd edib ki, hazırda xüsusən də Mərkəzi Afrika ölkələrində ard-arda hərbi çevrilişlər baş verir:

“Nəticədə anti-Qərb qüvvələrin hakimiyyətə gəldiyini görürük. Ən son Qabonda çevriliş oldu. Bu da Rusiyaya imkan yaradır ki, Qərbi, əsasən də Fransanı bölgədən sıxışdıraraq öz maraqlarını təmin edəcək hökumətlərin qurulmasına yardım etsin. Bu ölkələr də legitimlik qazanmaq, xalqın dəstəyini almaq üçün mütləq müəyyən pozitiv dəyişikliklər etməlidir. Qiymətlər salınmalı, bolluq yaradılmalı, məvaciblər artırılmalıdır ki, xalq da yeni hökuməti dəstəkləsin”. 

N.Cəfərli bildirib ki, Rusiyanın taxıl tədarükü əsasən hərbi çevrilişlərin olduğu beş ölkə üçün nəzərdə tutulub:

“Bu yardımı aldıqdan sonra həmin ölkələrdə qiymətlər aşağı düşəcək, unun, çörəyin qiyməti ucuzlaşacaq. Nəticə etibarilə bunun Rusiya yardımı olduğu nəzərə alınaraq, əhali arasında həm hərbi hakmiyyət legitimləşəcək, həm də Rusiyanın nüfuzu artacaq”.

Demokrat.az

12:36 - 13 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin