Milli Məclisin deputatı Rasim Musabəyov çıxışlarının birində Ermənistanın baş naziri Nikol Paşinyanın ağıllı siyasətçi ola bilmədiyini deyib.
Deputat bunu baş nazirin keçmişdə jurnalist olması ilə əlaqələndirib.
R.Musabəyovun bu açıqlaması azərbaycanlı jurnalistlər tərəfindən narazılıqla qarşılanıb. Belə ki, deputat sosial şəbəkələrdə jurnalistlər tərəfindən tənqid olunub.
Modern.az saytının əməkdaşı məsələ ilə bağlı Rasim Musabəyovdan qalmaqal doğuran çıxışına aydınlıq gətirməsini istəyib.
Deputat deyib ki, kim onun sözünü ayrı cür yozursa, özü bilər:
“Jurnalist olmağı Paşinyan üçün qəbahət deyil. Sadəcə, ölkə başçısı olaraq jurnalistdən əlavə, yaxşı siyasətçi də olmalı idi. Təəssüf ki, o siyasətçi ola bilməyib. Təbliğatla da siyasəti qarışdırmaq olmaz. Belə baxanda Uinston Çörçill də jurnalist olub. Amma sonra siyasi bilikləri onu dünya səviyyəli Çörçill edib. Paşinyan isə təəssüflər olsun ki, əvvəlki səviyyəsindən yuxarı qalxa bilməyib. O yenə də özünü qəzet rəhbəri kimi aparır. Halbuki dediyi sözün, qəbul etdiyi qərarların məsuliyyətini hiss etməlidir. Bu gün bir söz deyir, sabah başqa söz. Belə bir şeyi qəzetçi edə bilər, çünki onun üçün tiraj vacibdir. Amma siyasətçi bunu etməli deyil, sözünün daha ağır çəkisi var. Mənim dediyimi də kim ayrı cür yozursa, özü bilər. Jurnalist olmaq böyük qəbahət deyil, ancaq siyasətçi olmusansa, bunun haqqını verməlisən”.