Milli Məclisin deputatının məşhur qohumu Stalinlə BİRLİKDƏ

 Milli Məclisin deputatının məşhur qohumu Stalinlə BİRLİKDƏ

Araşdırmaçı Kənan Əlizadə Rusiya siyasi arxivindən Azərbaycanda sovet quruluşu zamanı yüksək vəzifələr tutumuş Qəzənfər Musabəyovla bağlı nadir görüntüləri tapıb.

Asayis.Az
 bildirir ki, bu qısa kinoxronikada Q.Musabəyov SSRİ-nin rəhbəri Stalinlə birgə söhbət zamanı əks olunub.

1888-ci ildə Qubada anadan olmuş Qəzənfər Musabəyov Azərbaycanda 1920-ci ilin aprel çevrilişinin təşkilatçılarından olub. O, 1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib.

SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi olub.

1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri vəzifəsində çalışıb.

O, 1918-ci il Bakı kommunasında Caparidze və Şaumyanın rəhbərliyi altında ərzaq cəbhəsində çalışıb. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra digər kommisralarla birlikdə Həştərxana gedib. Burada iki il Sergey Kirovun rəhbərliyi altında partiya işində və 11-ci Orduya xidmət sahəsində fəaliyyət göstəib.

1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə Mikoyan və Yefremovla birlikdə “Beynəlmiləl” zirehli qatarında Bakıya gəlib.

1937-ci ildə Stalin repressiyasının qurbanı olub.

1937-ci il iyul ayının 25-də SSRİ Xalq Daxili İşlər Komissarlığı Musabəyov Moskva şəhərindəki evində (Serfimoviç küçəsi 2, mənzil 74) həbs edilib və evində axtarış aparılıb. Q. Musabəyovun 1931–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tbilisiyə gətirilib. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner tərəfindən arayış tərtib edilib: “1889-cu ildə anadan olmuş, Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sabiq sədri Musabəyov Qəzənfər Mahmudoviç əksinqilabçı terrorçu və casusluq təşkilatının rəhbəri kimi ifşa olunub. Arayışa Çiçinadze, Getmanov, Xeçuyan və başqalarının ifadələri əlavə edilib”.

1937-ci ilin avqustundan oktyabrınadək aparılan dindirilmə zamanı Q. Musabəyov ona qarşı sürülən bütün ittihamları rədd edib.

1938-ci il fevralın 8-də Gürcüstan SSR XDİK yanında Xüsusi Üçlüyün qərarı ilə Musabəyov Qəzənfər Mahmudoviç güllələnməyə məhkum edilib.

Bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilib. Məlumatlara görə, Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş.

Qəzənfər Musabəyov Milli Məclisin deputatı Rasim Musabəyovun qohumu, atasının dayısıdır.

2020-ci ildə musavat.com saytına açıqlamasında deputat Rasim Musabəyov bununla bağlı danışıb: “O şəxs mənim  babam deyil. Atamın heç əmisi də deyildi, dayısı idi. Biz iki tərəfdən də Musabəyovlarıq. Qəzənfər Musabəyov Azərbaycan üçün xeyli işlər görüb. Nəriman Nərimanovla silahdaş olub. Ondan sonra Azərbaycanın baş naziri olub. Sonradan onu bolşeviklər sıxışdırıblar. 50 yaşında da güllələnib. Onun xalqımızın qarşısında hansısa günahları olubsa-o şəxslərin dediyi kimi-hər halda qanı ilə bu günahları silib. Bununla bağlı kim nə qələt edirsə, getsin etsin”.

Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır.//Azpost.info
 

14:24 - 11 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin