Xəbər verdiyimiz kimi sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Sual yaranır – Ermənistan zərbə PUA-larını haradan əldə edib?
Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında bu məqama aydınlıq gətirib:
“Ermənistan tərəfinin həm yerli istehsal, həm də Rusiya və İrandan idxal etdiyi PUA-ları mövcuddur. Hazırda onların tətbiq etdiyi PUA-ların markalarına dair əlimizdə dəqiq görüntülər olmasa da bunların İran istehsalı olduğunu ehtimal edirik. Ermənistan tərəfi əvvəllər də Kəlbəcər istiqamətində İran PUA-larından istifadə edib”.
Demokrat.az