İki yeniyetmə qızın intihar etdiyi bina.. - VİDEO

 İki yeniyetmə qızın intihar etdiyi bina.. - VİDEO
Xırdalanda 15 gün ərzində iki yeniyetmə qız eyni binadan düşərək ölüb.

Asayis.Az 
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, qızlardan biri 16 yaşlı Şəms Müzəffərzadə, digəri ondan cəmi 1 yaş kiçik Omid Şəbnəm Abdullah qızıdır.

Sözügedən hadisələr sosial şəbəkələrə ciddi müzakirələrə yol açıb. Qeyd edilir ki, yeniyetmələrin heç biri hadisə baş verən binanın sakini deyil.

Hətta ölümlərlə əlaqədar ciddi iddialar da səsləndirilir. Sosial şəbəkə istifadəçiləri, binanın sakini olduğunu deyən şəxslər məsələyə şərh bildirərək qızların cinayət qurbanı olduğunu deyirlər. 

Məsələnin aktuallığını nəzərə alıb hadisə baş verən yerə getdik. Məlum oldu ki, Şəbnəm Xırdalanda başqa binada yaşayıb. Şəms isə Abşeron rayonunun, Hökməli qəsəbə sakini olub. Öyrəndik ki, qızların hər ikisinin cəsədi yaşayış kompleksinin 41 saylı binasının qarşısında aşkar edilib. Amma onların konkret olaraq neçənci mərtəbədən düşdükləri bilinmir. Bina təhlükəsizlik kameraları ilə izlənilir, amma kameralar 8-ci mərtəbədən yuxarını qeydə ala bilmir.

Sakinlərlə söhbətimizdən aydın oldu ki, ardıcıl baş verən müəmmalı hadisə onlarda narahatlıq yaradıb.

Əraziyə çatan kimi ilk maraqlandığımız şəxs isə qızlara hazırlıq keçən müəllim oldu. Marağımızın səbəbi isə qızların binaya müəllim yanına gəlmələri barədə sosial şəbəkələrdə yayılan məlumatlar idi. Qonşularla söhbətimizdən aydıq oldu ki, hadisə baş verən binada, ümumiyyətlə, hazırlıq keçən müəllim yoxdur, qızlar da binaya o məqsədlə gəlməyiblər.

Ən müəmmalı məqam isə qızlardan biri-Şəms Müzəffərzadənin ümumiyyətlə Xırdalan şəhəri ilə əlaqəsinin olmamasıdır. Şəms Hökməli qəsəbəsində yaşayır. O, səhər saat 6-7 radələrində velosipedlə hadisə yerinə gəlib. Yuxarı qalxdıqdan bir az sonra isə binanın 8-ci mərtəbəsinin ümumi dəhlizindən yerə düşüb.

Şəmsdən 12 gün sonra Şəbnəm də bənzər ssenari ilə binaya daxil olur, bir müddət sonra dəhlizdən yerə düşür. Sakinlərin iddiasına görə, Şəbnəm yerə düşdükdən sonra onun meyiti soyuq olub. Bu isə onun əvvəlcədən öldürülməsi ehtimalını istisna etmir. 

Bütün deyilənlər isə iddialardır. Fakt isə odur ki, iki yeniyetmə qız müəmmalı şəkildə binadan düşərək ölüblər. Təsadüfi intihar da ola bilər, cinayət də. Müstəntiqin isə qarşısında çoxsaylı suallar dayanır, qalır bunlara cavab tapmaq.

İstintaqın gedişi ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən bildirildi ki, Şəms Müzəffərzadə və Omid Şəbnəm Abdullah qızının ölümü ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları hadisə yerində olub, ekspertiza təyin edilib.

Hazırda iş üzrə zəruri ibtidai istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
 

 

18:00 - 1 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin