“Qarabağ itirildi, barı Ermənistanı saxlayaq” - Erməni siyasətçi

 “Qarabağ itirildi, barı Ermənistanı saxlayaq” - Erməni siyasətçi

“Paşinyanın kənarlaşdırılması Qarabağın subyektivliyini xilas etməyəcək, amma heç olmasa, Ermənistanı saxlamaq mümkün olacaq”. 

Bu barədə Ermənistanın Demokratik Alternativ Partiyasının Siyasi Şurasının sədri Suren Surenyans Facebook səhifəsində yazıb.

"Bu gün Dağlıq Qarabağ subyektivliyin bütün komponentlərini itirib. Yaranmış vəziyyətdə, hətta Dağlıq Qarabağ üçün siyasi muxtariyyət təklif edən hər hansı bir variantı müzakirə etmək mənasızdır. Kobud desək, "qırmızı xətlər"i müəyyən etmək üçün resurslarımız yoxdur. Hazırda söhbət ermənilərin Dağlıq Qarabağda yaşamaq hüququndan gedə bilər. Bu məsələni birbaşa Rusiya tərəfi qarşısında qoymaq lazımdır: onlar ermənilərə bu hüququ təmin edirlərmi, yoxsa biz humanitar dəhliz və soydaşlarımızın evakuasiyası barədə düşünməliyik?

Rusiyaya aid edilən təkliflər çox pisdir, lakin Bakı tərəfindən qəbul olunarsa, heç olmasa onlar Arsax ermənilərinin yaşamaq hüququnu təmin edər – minimal təhlükəsizlik zəmanətilə. Rusiyanın təkliflərini tənqid etmək asandır, belə olan halda, qoy, opponentlər Qərbin təkliflərini açıqlasınlar, əlbəttə ki, Dağlıq Qarabağ xalqının deportasiyası haqqında deyilsə.

Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. Əgər indi siyasi həll yolları tapılmasa, iki-üç aydan sonra daha yüksək bədəl ödəməli olacağıq.

Rusiya sülhməramlı missiyası öz mandatını çox pis həyata keçirir. Mübahisə etməyin mənası yoxdur. Buna baxmayaraq, beynəlxalq sülhməramlı missiyanın Dağlıq Qarabağa dəvət etmək çağırışları reallıqdan uzaqdır və vulqar manipulyasiyalardır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT belə bir qərar qəbul etməyəcəklər, Azərbaycan belə təklifi hətta müzakirə etməyəcək, dünyada elə bir ölkə (hətta Fransa) yoxdur ki, Ermənistan naminə, üstəlik Arsax xalqı naminə Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya girməyə hazır olsun.

Ermənistanda hakimiyyətin mümkün dəyişməsi qlobal səviyyədə danışıqların kontekstini dəyişməyəcək, lakin Ermənistanın subyektivliyini qaytaracaq. Paşinyan hakimiyyəti nəinki Arsaxı məhv etdi, həm də siyasi iradənin və gündəliyin olmaması, populizm və avantürizm nəticəsində Ermənistanı faktiki subyektivlikdən məhrum edərək onu danışıqların obyektinə çevirdi.

Paşinyanın kənarlaşdırılması Arsaxın subyektivliyini xilas etməyəcək, amma biz heç olmasa, Ermənistan Respublikasını saxlaya bilərik. Əlbəttə ki, əgər gecikməsək”, - Surenyans yazır. (Turan.az)

11:56 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin