“Qarabağ ermənilərilə Azərbaycan tərəfi arasında razılaşma baş tutarsa, bölgəyə əmin-amanlıq gələ bilər. Yəqin ki, belə də olacaq. Artıq ilmələr çözülməkdədir deyə bilərik. Yaxın zamanlarda görüşlər olacaq. Ağdam – Xankəndi yolu böyük yüklər – inşaat materialları, sənaye mallarının daşınması üçün əsas marşrut kimi qəbul ediləcək”.
Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Xankəndidə qondarma təhlükəsizlik şurasının iclasında alınan qərarlar barədə gözləntilərini bölüşüb:
“Laçın yolundan ərzaq məhsulları və digər iaşə məhsullarının gətirilməsi üçün istifadə olunacaq. Bu yol həm də Ermənistana gediş-gəliş və xəstələrin aparılması üçün istifadə ediləcək. Qarşılıqlı razılaşma əldə olunduqdan sonra Laçın yolu vasitəsilə gedib, gələnlərdən viza tələb olunacaq, onlar xarici ölkə vətəndaşı hesab olunacaqlar”.
Politoloq bildirib ki, Qarabağdakı ermənilərin qaz və elektrik enerjisi ilə təminatı məsələsi də müzakirə olunacaq:
“Onların qaz və elektrik enerjisi ilə təminatının Azərbaycan tərəfindən həyata keçirilməsi razılaşdırılacaq. Azərbaycan manatının bu bölgədə dövriyyəyə girməsi də gündəmdə olacaq. Qarabağ erməniləri tədricən yenidən Azərbaycan pasportu ala biləcək”.
Q.Hüseynli bu razılığın önündə duran maneələri də qeyd edib:
“Zənnimcə, Ermənistan tərəfi – revanşistlər istisna olmaqla, bu məsələni normal qəbul edəcək. Amma Rusiya tərəfinin buna yanaşması birmənalı olmayacaq, təxribatlara əl ata bilər.
Nizama salınma məsələsində ən böyük təhlükənin Rusiyadan gələcəyini nəzərə almalıyıq. Təhdidlər olsa da əvvəl-axır problemlər yoluna qoyulacaq”.
Demokrat.az