“Ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır” - Paşinyan

 “Ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır” - Paşinyan

Ermənistandan Qarabağa göndərilmiş 400 ton humanitar yük hələ də Laçın dəhlizinin girişində qalıb və Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır.

“Yeni Sabah” xəbər verir ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib. O əlavə edib ki, buna baxmayaraq müalicəyə ehtiyacı olan və bəzi başqa şəxslərin Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə “müəyyən hərəkəti” başlanıb.

Nikol Paşinyan bunu da deyib ki, ona çatdırılan etibarlı məlumatlara görə Laçın dəhlizinin birtərəfli açılmasına dair planlar hazırlanır. Baş nazirin sözlərinə görə “Azərbaycan adamların Qarabağdan çıxışına icazə verilməsi və Qarabağa girişin qadağan edilməsi kimi layihənin üzərində işləyir”.

Paşinyan iddia edib ki, Laçın dəhlizinin ötən dekabrdan bəri bağlanmasına görə hazırda Qarabağın 5 min sakini Ermənistandadır.  Paşinyan bir daha iddia edib ki, Bakının bəyanatın 7-ci bəndini yerinə yetirməməsindən məqsəd Qarabağın ermənilərdən təmizlənməsidir.

Sözü gedən sənədin 7-ci bəndinə deyilir ki, “daxili köçkünlər və qaçqınlar BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağa və ətraf rayonlara qaytarılmalıdır”.
Paşinyan bu barədə deyib: “Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”.

Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib. O təkliflərin detallarını açmayıb.

15:34 - 25 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin