“Onları bu qədər qudurdub niyə başımıza çıxarırıq?” - Polkovnik sərt danışdı

 “Onları bu qədər qudurdub niyə başımıza çıxarırıq?” - Polkovnik sərt danışdı

“Qarabağ separatçıları ilə Bərdədə görüşün baş tutacağını düşünmürəm. Bundan öncə Yevlax görüşü barəsində də məlumatlar vardı. Doğrudur, biz bu məlumatları erməni mediasından alsaq da, görüşün ləğv olunması haqda məlumatları Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat vermişdi”.

Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Qarabağın erməni icması ilə Bərdədə keçirilməsi planlaşdırılan görüş barəsində fikirlərini səsləndirib.

Xatırladaq ki, bu iddia ilə bir sıra erməni nəşrləri çıxış edib.

Polkovnikin fikrincə, ermənilərin Bərdəyə gəlib bizimlə masaya oturması mümkünsüzdür:

“Başa düşmək lazımdır ki, bütün bunların hamısı vaxt əldə etmək üçün başlanmış oyunlardır. Bu görüşə nə Rusiya imkan verməyəcək, nə də Ermənistan tərəfi bu görüşün marağında deyil. Olsa, bu görüş nəzəri baxımdan danışıqlar prosesini daha da uzatmaq və dalana dirəmək üçün bir fürsət olacaq”.

Ü. Cəfərov əlavə edib ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanı separatçılara görüşə səsləyib:

“Anlamıram ki, rəsmi Bakı indiyə qədər öz mövqeyini açıqlamayıb? Bağlı qapılar arxasında onlara nə söz verəcəyik? İşıq, su, qaz sözünü vermişik, reinteqrasiya prosesindən danışmışıq. Biz onlara yeni nə deyəcəyik? Əgər kimsə düşünür ki, Araik Arutyunyan cinayət məsuliyyətindən azad olacaq, mümkünsüzdür. Əli yüzlərlə azərbaycanlının qanına batmış Araik Arutyunyan, Samvel Babayan, Vitali Balasanyan və digərlərini kim məsuliyyətdən azad edəcək?”

Müsahibimiz düşünmür ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyində elə bir adam olsun ki, belə bir qərar verib belə adamları cinayət məsuliyyətindən azad etsin:

“Biz Vladimir Putin deyilik ki, Yevgeni Priqojini əfv etdiyi kimi separatçıları bağışlayaq. Ona görə də separatçılarla bağlı elə də optimist fikirdə deyiləm. Separatçılar son qədər döyüşəcəklərini dəfələrlə bəyan ediblər. Bu gün Rusiya Qarabağda Araiki Ruben Vardanyanla əvəzləmək üçün əlindən gələni edir və bu istiqamətdə gecə-gündüz fəaliyyət göstərir. Şəxsən, separatçılardan hər hansı bir doğru-düzgün addım gözləmirəm. Onların atacağı ən doğru addım silahı yerə qoymaları olar. Lakin gördüyümüz odur ki, onlar cəbhə xəttinə müşahidə qurğuları yerləşdirib silah-sursat alırlar, Moskvadan onlara “Lavrov planı” göndərilib və s”.

“Qısası, indiki şəraitdə Bərdə görüşünün baş tutması 1% ola bilər, ya yox. Onlar Yevlax görüşünü necə pozdularsa, eynisini də Bərdədə də edəcəklər. Əgər Azərbaycan rəsmiləri həmin separatçılarla görüşsə, onları ən sərt şəkildə tənqid edib onların cəzalandırılmasını tələb edəcək şəxslərdən biri olacağam. Başa düşmürəm, millətimi qətlə yetirən canilərlə hansı danışıqlar ola bilər? Onları bu qədər qudurdub niyə başımıza çıxarırıq? Kimdir onlar? Ona görə də Bərdə görüşü mənə elə gəlir ki, vaxt itkisidir və düşmən də silahlanmağa davam edir. Onlar bizimlə növbəti müharibəyə hazırlaşır”, – o, fikirlərini tamamlayıb.

17:48 - 24 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin