Son zamanlar Cənubi Qafqazda və dünyada ciddi geosiyasi proseslər baş verir. Azərbaycan Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün səylərini davam etdirir. Rəsmi İrəvan bizim diplomatik addımlarımıza adekvat cavab vermək əvəzinə, gərginliyi süni şəkildə artırır, təxribatlara əl atır. Bu isə öz-özlüyündə yeni hərbi əməliyyatların başlanması ehtimalını gündəmə gətirir. Dünyada, xüsusilə Şərqi Avropada da durum kifayət qədər gərgindir. Reallıqlar sürətlə dəyişir və dəyişdikcə yeni perspektivlər vəd edir. Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarovun regionda və dünyada baş verən geosiyasi proseslər barədə "Report"a müsahibəsini təqdim edirik:
- Elmar müəllim, bildiyiniz kimi, Ermənistan bu günlərdə Azərbaycanın Xankəndidə humanitar böhran yaratması iddiası ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Amma toplantıda arzuladığı nəticəni görmədi. Bu gözlənilən idi?
- Şəxsən mən bilirdim ki, belə də olacaq. İlk növbədə ona görə ki, BMT TŞ-ə müraciət edən zaman üzvlərin mövqelərini bilmək lazımdır. Ermənistan daimi üzvlərin Azərbaycana münasibətlərini və onların rəsmi Bakı ilə əlaqələri korlamaq istəmədiklərini hesablamalı idi. Ümumiyyətlə, bu müraciət məsuliyyətsiz addım idi. Halbuki BMT TŞ-də hansısa məsələni müzakirə edərkən məsuliyyətli və ciddi olmaq lazımdır. Görünür, rəsmi İrəvan bunu bilmirdi. Üçüncü bir tərəfdən, Ermənistan hələ də BMT-nin məlum 4 qətnaməsini yerinə yetirməyib. Bunu Vətən müharibəsinin nəticəsində də gördük. Odur ki, BMT-nin Azərbaycan əleyhinə hansısa qətnamə qəbul edəcəyi ağlabatan deyildi.
- Ermənistanın Laçın yolundakı "humanitar tır" şousu, sizcə, nə ilə nəticələnəcək?
- Bu, səmərəsiz və mənasız cəhddir. Öncə onu deməliyəm ki, Laçında hansısa blokadadan söhbət gedə bilməz. Sadəcə olaraq biz yola nəzarət edirik. Bu isə İrəvanın iddia etdiyi kimi, heç bir halda beynəlxalq hüquqa zidd deyil.
- Son zamanlar Ermənistan, demək olar, hər gün hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan isə bütün çıxışlarında sülhə sadiqliyini ifadə edir. Bu paradoksu necə qiymətləndirirsiniz?
- Paşinyanın dedikləri daxili auditoriyaya hesablanır. Amma sülhün (sülh müqaviləsi nəzərdə tutulur – “Report”) yaxın vaxtda imzalanacağını düşünmürəm. Çünki təxribatlar ara vermir. Ümumiyyətlə, sülh əldə olunmadıqca təxribatlar davam edəcək. Bu isə o deməkdir ki, növbəti hərbi əməliyyatların başlanması istisna deyil. Hərçənd bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Bunu qarşı tərəf özü da başa düşməlidir. Ən azından ona görə ki, Ermənistanın hərbi imkanı lazımi səviyyədə deyil. Əgər təxribat istəyirlərsə, onda məsuliyyət öz boyunlarında qalır.
- Meşəli cinayətkarlarından biri - Vaqif Xaçaturyan bu yaxınlarda həbs edildi. Sizcə, prosesin davamı gələ bilərmi? Azərbaycan digər terrorçular barədə qanunvericiliyə uyğun olaraq hansı lazımi tədbirlər görməlidir?
- Buna heç bir şübhəm yoxdur. Sözsüz ki, Qarabağdakı digər terrorçular, o cümlədən qondarma qurumun başçısı Araik Arutyunyan üçün də eyni aqibətin təkrarlanması mümkündür. Onların hər biri Azərbaycan qanunvericiliyi qarşısında cavab verməlidir. Rəsmi Bakı bunun üçün müvafiq addımları atmalıdır və atır.
- Son zamanlar separatçı-quldur rejimlə Ermənistan hakimiyyəti arasında gərginlik yaranıb. Bu ziddiyyət nə ilə bağlıdır?
- Əslində bu, Azərbaycanın diplomatik uğurunun növbəti təzahürüdür. Qarşı tərəf başa düşür ki, Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyasının alternativi yalnız onların torpaqlarımızdan çıxmasıdır. Ona görə də narahat olmağa başlayıblar. Amma reinteqrasiya sadəcə zaman məsələsidir. Mütləq buna da nail olacağıq.
- Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva. Hansını daha ideal hesab edirsiniz?
- Bizim mövqeyimiz aydındır. Sülh istəyirik. Rəsmi Bakıya irəliləyiş lazımdır. Deməli, biz öz məqsədimiz naminə hər üç platformadan istifadə etməliyik.
- Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bir müddət əvvəl verdiyi müsahibə dedi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üçün tələsməməlidir. Bir yandan isə Moskva özü vasitəçilik etməyə çalışır. Bu açıqlamadan sonra biz Rusiyanın səmimiliyinə inana bilərikmi?
- Rusiyanın, ABŞ-ın, Avropa İttifaqının da öz maraqları var. Hər bir vasitəçi prosesə öz maraqları kontekstindan yanaşır. Təsadüfi deyil ki, rəsmi Moskva hər fürsətdə Vaşinqton və Brüsselin onu regiondan çıxarmağa çalışdığını deyir. Bəlkə də, bu fikirlərdə müəyyən həqiqət var. Əvvəllər də demişəm, biz birbaşa təmaslara üstünlük verməliyik. Baş nazir müavinləri səviyyəsində birbaşa dialoq müsbət haldır. Ümid edək ki, sülh sənədi də birbaşa təmaslar nəticəsində hazırlanacaq.
- Yeri gəlmişkən, Rusiya - Ukrayna müharibəsinin sonu görünmür. Sizcə proses üçüncü dünya müharibəsinə doğru gedir?
- Ən azı yaxın aylarda müharibənin miqyasının genişlənəcəyini düşünmürəm. Amma sülhün yaxın vaxtlarda əldə olunacağını da gözləmirəm. Rəsmi Kiyev dəfələrlə bildirib ki, müharibə torpaqlar tamamilə işğaldan azad olunanadək davam edəcək. Ukrayna torpaq güzəşti müqabilində hətta NATO-ya üzvlükdən də imtina etdi. Eyni zamanda Rusiya da geri çəkilənə oxşamır. Deməli, döyüşlər hələ davam edəcək.
- "Vaqner" xüsusi hərbi təşkilatının Polşa və Litva sərhədində təxribat törətmək və nəticədə yeni münaqişə ocağının yaranması ehtimalını necə qiymətləndirirsiniz?
- Düzü, Polşa və Litva rəsmilərinin bu barədə açıqlamalarını, o cümlədən xəbərdarlıqlarını qeyri-ciddi hesab edirəm. Əgər təhlükə varsa, kəşfiyyat xidməti, sərhəd qoşunları və digər güc strukturları lazımi tədbirləri görməli, ehtimal edilən təhdidin qarşısının almalıdır. Doğrudanmı, Polşa və Litvanın buna imkanı yoxdur?!
- Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dostluq münasibətinizin olduğunu bilirik. Bəs yeni nazir Hakan Fidanla heç danışmısiz? Ondan gözləntiləriniz nələrdir?
- Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm.
- Ümumiyyətlə, xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?
- İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq.