Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda tanınmış blogerin düşdüyü yol qəzasının görüntülərini yayıb.
Asayis.Az xəbər verir ki, görüntülərdə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpıldığı əks olunub.
Qeyd edək ki, qəza nəticəsində Nicat Şakirlinin (Nikosayağı) sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.