“Referendumun keçirilməsi ilə bağlı səslənən fikirlər mülahizələrdir və bu mülahizələr bir neçə ildir ki, davam edir. Lakin bütün məsələlər Prezidentin səlahiyyətindədir və son sözü ölkə rəhbəri deyəcək”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, ilin sonunda keçirilməsi planlaşdırılan referendumla bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, iddialara əsasən, yeni referendumdan sonra parlament üzvlərinin sayının 151-ə çatdırılması ilə yanaşı, Milli Məclisin ikipalatalı sistemə keçirilməsi, habelə proporsional seçki sisteminin tətbiqi də gündəmdədir. Bundan başqa, icra hakimiyyətlərinin ləğvi və əvəzinə 14 iqtisadi rayonda Prezidentin yerli nümayəndəliklərinin yaradılması da gözlənilir.
Yeni idarəetmə üsulundan söz açan millət vəkili əlavə edib ki, yenidənqurmanın, eləcə də təkmilləşmənin aparılması, əlbəttə ki, idarəetmədə strukturların dəyişdirilməsini zərurətə çevirir:
“O baxımdan da regional nümayəndəliklərin yaradılması islahatların tərkib hissəsidir. Lakin bu gün demək olmaz ki, İcra Hakimiyyətləri ləğv olunacaq, referendum keçiriləcək və s. Bunun haqqında qəti fikir söyləmək mümkün deyil və səlahiyyətlərimizə aid deyil”.
Müsahibimiz aydınlaşdırıb ki, əgər yeni idarəetmə strukturlarının yaradılması işə fayda verəcəksə, əlbəttə ki, buna getmək lazımdır:
“Amma əksi olacaqsa, buna getmək bir o qədər də zəruri deyil. Lakin bölgələrdə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə aparılan işlər, eləcə də Prezidentin həmin bölgələrdəki səlahiyyətli nümayəndələrinin gördükləri onu deməyə əsas verir ki, bu mexanizm hələ ki uğurludur və idarəetmə təkmilləşdirilməlidir”.
“Bu, o demək deyil ki, yeni mexanizm xaos yarada, iqtisadiyyatımıza ziyan verə bilər, xeyr. Əksinə, bütün bunların hamısı ölkə rəhbəri tərəfindən düşünülmüş şəkildə, sistemli qaydada həyata keçirilir. Bu gün görürük ki, yaxşı nümunələr tətbiq olunur, amma mənfi nəticələr olanda bunun tətbiqi dayanır”, – T. Rzayev fikirlərini yekunlaşdırıb.