Böyük Britaniyanın Xüsusilə böyük məbləğdə fırılıdaqçılıqla mübarizə Bürosu (Serious Fraud Office - SFO) Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus üç dəbdəbəli mülkü müsadirə edib.
Asayis.Az xəbər verir ki, SFO-nun bəyanatında onların Londonun Belqraviya bölgəsindəki iki mənzil və Surreydəki malikanədən ibarət olduğu bildirilir. Mülkün ümumi dəyəri 20 milyon funt-sterlinqdən çoxdur.
SFO-nun məlumatına görə, Gülnarə Kərimova və ailəsi bu əmlakı Özbəkistandakı korrupsiya fəaliyyətlərindən əldə edilən gəlirlərə alıb: “Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxış əldə etməkdə köməklik etmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb".
SFO 2018-ci ilin oktyabrında Kərimovanın Britaniyadakı aktivlərinə, o cümlədən həmin mənzillərə və malikanəyə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Böyük Britaniyanın Ali Məhkəməsi avqustun 8-də bu iddianı təmin edib.
Gülnarə Kərimova cəzasını Özbəkistanda cəzaçəkmə müəssisəsində çəkir. 2015-ci ilin avqustunda Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmada təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və mənimsəmə ilə bağlı yeni cinayət işində Kərimovanın həbs cəzasını 13 il 4 aya qədər artırıb.
İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdə Gülnarə Kərimova ilə bağlı aktivlərinin ümumi məbləği 1,3 milyard dollardan çox qiymətləndirilir.Özbəkistan hökuməti onların bir qismini geri qaytarmağa çalışır.
2017-ci ilin dekabrında ABŞ Xəzinədarlığı Kərimovanı “qlobal Maqnitski Aktı”na əsasən sanksiya siyahısına daxil edib. Maliyyə Nazirliyinin məlumatına görə, Kərimova “dövlət subyektlərini bizneslərin müsadirə edilməsinə, bazarların inhisara alınmasına, rüşvət tələbinə cəlb edən güclü mütəşəkkil cinayətkarlıq sindikatına rəhbərlik edib” və hədə-qorxu ilə pul tələb edib.
Demokrat.az