"Sarkozi dedi ki, imzalamasan, Putin səni öldürəcək" - Saakaşvilidən açıqlama

“Əgər atəşkəs rejimi barədə sənədi imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm və Buş da göndərməyəcək”.

Asayis.Az xəbər verir ki, həbsdə olan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ildə imzalanması üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişi üzrə danışıqların təfərrüatlarını açıqlayıb.

O qeyd edib ki, Sarkozi 2008-ci ilin avqustunda Tbilisidə şahidlərin iştirakı ilə bu ifadəni bir neçə dəfə təkrarlayıb və onu Moskvanın təklif etdiyi atəşkəs razılaşmasının variantını imzalamağa inandırıb. 

“Lex Kaçinski bizim üzərimizə belə bir razılaşmanın tətbiq olunduğunu biləndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi buna getmədi”, - o qeyd edib.

Söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndindən gedirdi. 

“Bu, praktiki olaraq o demək idi ki, biz öz əlimizlə imza atmaqla Gürcüstanın ərazilərindən və ölkənin ərazi bütövlüyündən imtina etməli oluruq... Sarkozi bir neçə saat məni inandırmağa çalışdı.  Sonda Nikola Sarkozi Medvedevə yenidən zəng etdi və bundan sonra Rusiya tərəfi bu məqamda israr etməməyə razı oldu... Nəticədə atəşkəs razılaşmasına əməl etməkdən imtina etdilər”, - Saakaşvili yazıb.

Qeyd edək ki, 8 avqust 2008-ci ildə Cənubi Osetiya və Abxaziya münaqişəsi nəticəsində Gürcüstanla Rusiya arasında müharibə baş verib. Nəticədə rus qoşunları çox qısa zamanda paytaxt Tbilisi yaxınlığınadək irəliləyib.

Ölkə.az

11:17 - 9 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin