Bakının Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Elməddin atası Qiyamətə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Sarıqaya Metallurgiya düşərgəsi, fərdi nömrəsiz evdə baş verib.
Elməddinlə atası Qiyamət arasında gecə saatlarında mübahisə yaranıb. Qiyamət Elməddini işləmədiyinə görə evdən qovmaq istəyib. Mübahisə zamanı Elməddin atasına bıçaqla xəsarətlər yetirib.
Hadisəni törədən Elməddinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Qiaymət onun doğma atasıdır:
“Mən orta məktəbi 9-cu sinfə kimi oxumuşam. Oxuya bilmədiyim üçün məktəbdən çıxdım. Atamın tələbi ilə ayrı-ayrı işlərdə , maşınyuma sexləri, tikinti obyektlərində gücüm çatana qədər işləyib pulu atama vermişəm. Atam çox vaxt işləmədiyi üçün ailənin, yəni ata-anamın və iki bacımın dolandırmaq üçün məndən evə pul gətirməyini tələb edirdi. Atam anam və bacılarıma qarşı da kobud olub. Hətta anama bir dəfə bıçaq xəsarəti yetirib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verdiyi günə kimi atası ilə bir dəfə də davası olub:
“Atam məni dəmir tava ilə başımdan vuraraq xəsarətlər yetirdi. Mən isə özümü qoruyaraq atamı taxta parçası ilə vurdum. Bundan sonra atam məni evdən qovdu. Qalmağa yerim olmadığı üçün yarı tikililərdə ac-susuz gecələməyə məcbur oldum. Nəhayət dözməyərək, hadisə günü, axşam hava qaralandan sonra atamın yatmasını zənn edərək evinə gəldim. Anama ac olduğumu, küçələrdə bu soyuqda qalmaqdan üşüdüyümü bildirdim. Anam mənə yemək verdi. Bundan sonra özümə aid çarpayıda yatdım. Gecə saat 02 radələrində üstümdən adyalın kənara çəkilməsini və atamın qışqırıq səslərini eşidərək oyandım. Atamın evdən çıxıb getməyim tələbinə etiraz etdim. Qalmağa başqa yerimin olmadığını bildirdim”.
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra atası mətbəxə keçərək, bir əlində tava, bir əlində bıçaq qayıdıb:
“Tava ilə başımdan vurdu. Mən isə atamın bıçaqla vurmasının qarşısını almaq üçün onun bıçaq tutduğu əlini tutdum və dartaraq bıçağı ondan aldım. Atamı itələyən zaman bıçaq onun bədəninə batdı. Bu zaman anam bizi araladı. Atama təcili tibbi yardım çağırdıq. Mən isə həyəcan və stress vəziyyətində bayırda nə olacağını gözlədim. Daha sonra polis əməkdaşları gəldi və məni apardılar”.
İş üzrə zərərçəkmiş Qiyamətin sözlərinə görə, oğlu Elməddin oxumağa həvəsi olmadığı üçün 9-cu sinifdən məktəbdən çıxıb, tüfeyli həyat tərzi sürüb, hətta eşitdiyinə görə narkotik də qəbul edib: “Bu hadisədən əvvəl Elməddinlə onun işləmədiyi, tüfeyli həyat tərzi sürdüyü üçün mübahisə etdim. Mübahisələrimiz dava-dalaşa keçdi. Hər ikimiz bir-birimizi vurduq. Bundan sonra Elməddin evdən çıxaraq getdi. Elməddin evə gəlmədiyi üçün onun tapılıb evinə qaytarılması üçün polisə müraciət etdim”.
Zərərçəkmiş qeyd edib ki, yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkum olunub, 2-ci qrup əlildir, ağ ciyər və göz xəstəliklərindən əziyyət çəkir.
Qiyamətin sözlərinə görə, məlum hadisə günü Elməddin evə qayıdıb: “Bu vaxt mən yatmışdım. Elməddinin evə qayıtmasını hiss edərək oyandım. Gördüm ki, Elməddin divanda yatıb. Arvadım Rəsmiyyə Elməddini oyatmamağımı xahiş etdi. Lakin Elməddinə yaxınlaşıb onu oyatdım. Ondan 2 gün harada olmasını soruşdum. Elməddinlə mübahisələrimiz yarandı, əlbəyaxa olduq. Elməddin mətbəxə keçərək, təzə aldığım mətbəx bıçağını götürdü və üzərimə gəldi. Mən isə masanın üzərində olan tavanı götürdüm və özümü müdafiə etdim. Həmin tava ilə Elməddinin başına bir dəfə vurdum. Elməddin isə əlimdən vuraraq tavanı yerə saldı və əlindəki bıçaqla sinəmdən vurdu. Sinəmdən qan gəldi. Elməddin bunu görərək qorxdu və qaçdı”.
Zərərçəkmiş şəxs qeyd edib ki, hazırda sağalıb, oğlu ilə barışıb, ona qarşı heç bir iddia və tələbi yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az