REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli amerikalı məşhur şahmatçı Hikaru Nakamuranın Bakıda qaldığı hoteldə su tapmadığına görə şikayətlənməsini “PR celebrity” hesab edir.
Asayis.Az xəbər verir ki, bu barədə o, özünün Feysbuk hesabında yazıb.
“Bir neçə gün öncə məşhur yapon şahmat ustası Bakıda otel nömrəsində suyun gəlmədiyi haqqında paylaşım etmişdi - guya, Hikaru Nakamuranın qaldığı “Baku Marriott Boulevard” otelində su kəsilibmiş.
Bizdə saytlar, sosial şəbəkələr bu xəbəri tirajladı, hətta beynəlxalq mətbuatda da bu söhbət geniş yayıldı. Sonradan "Azərsu" nə qədər təkzib etsə də, heç kim buna fikir vermədi (bu təəccüblü deyil, bizdə hökumət-dövlət orqanlarına zatən inam azdır).
Hikaru Nakamura Bakı səfərindən bir neçə gün öncə uzun zaman görüşdüyü erməni əsilli şahmatçı Atus Purkaşyanla evlənibmiş. Atus İranda doğulub, bu ölkənin millisində çıxış edirmiş, sonradan ABŞ-a köçüb, indi ABŞ millisinin heyətində oynayır.
Sübutum olmasa da, əminəm ki, Bakı səfərindən öncə Atus yazıq yaponun başının ətini yeyib, “gedirsənsə, gör, nə pislik edə bilərsən” moduna kökləyib. Hikaru da ağıllı adamdır, bilir ki, idmançı olaraq siyasi bəyanatlar verə bilməz, ona görə də bu şəkildə ölkəmizi biabır edib.
Dünən də məşhur futbolçu Mixitaryan Xankəndi və ətrafında yaşayan ermənilərlə bağlı paylaşım edib, zalım oğlu barıtını çox edib, guya, orada camaat acından ölür, yemək yoxdur, qırılırlar. Bu paylaşım xeyli yayılıb, içi araşdırılmadan tirajlanır, çünki bunu tanınmış biri deyib.
Ermənilər daim bu üsuldan, “celebrity” PR-dan istifadə edib - Şer, Aznavur, Kardaşyan və s. tanınmışlar şər-böhtan yayıb, dünya da bunu həzm edib, inanıb.
Bizim elə “celebrity”miz yoxdur, Diaspora Komitəsi isə PR deyəndə Parisdə "nə oldu Paşinyan" mahnısı altında küçədə oynamağı bacarır və bu işdə biz ciddi uduzuruq - məhz bu məsələdə ermənilərdən çox şey öyrənməliyik”, - deyə iqtisadçı bildirib.
Qeyd edək ki, “PR celebrity” məşhur simalar vasitəsilə hər hansı bir məsələdə PR kampaniyasının aparılmasıdır.//Yeni Sabah.az