Latviya hökuməti sentyabrda bir neçə min Rusiya vətəndaşına ölkəni tərk etməyi "tövsiyə edəcək".
Asayis.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Seymin (parlament-red.) Vətəndaşlıq və Miqrasiya Komissiyasının rəhbəri İnqmar Lidaka bildirib. Onun sözlərinə görə, söhbət yaşayış icazələrini yeniləmək üçün səy göstərməyən beş-altı min nəfərdən gedir.
Lidaka qeyd edib ki, rəsmi məktublar yeni qaydalara əsasən Latviyada yaşamaq icazəsi verməyə hələ başlamamış və dövlət dili imtahanından keçməmiş Rusiya vətəndaşlığı olan şəxslərə ünvanlanacaq.
Məlumatı Latviyanın Daxili işlər nazirliyi təsdiqləyib. Nazirlikdən verilən məlumata əsasən, sərəncamı aldıqdan sonra onun ünvançıları 3 ay ərzində Latviyanı tərk etməli olacaqlar. Əmrə əməl etməmək cərimə ilə cəzalandırılır, buna görə cinayət məsuliyyəti yoxdur. Lakin qanunla Latviyada yaşamaq hüququnu itirənlər ölkədən çıxarılmalı olacaqlar.
Latviyada xüsusi statusa malik 25 317 Rusiya vətəndaşı yaşayır. Rusiya pasportunu almamışdan əvvəl onlar Latviya vətəndaşları və ya (əsasən) qeyri-vətəndaş deyə adlandırılıblar.
2022-ci il sentyabrın sonunda Latviya parlamenti - Seym belə insanların 2023-cü il sentyabrın 2-dən daimi yaşayış icazələrini ləğv edib. Latviyada yaşamaq hüququnu saxlamaq üçün onlar yeni prosedura əsasən yaşayış icazəsi üçün müraciət etməlidirlər. Bunun üçün bu adamlar Vətəndaşlıq və İmmiqrasiya İşləri İdarəsinə latış dilini bilmək haqqında sertifikat təqdim etməli və son bir il ərzində aylıq gəlirlərinin minimum əmək haqqından (2023-cü ildə 620 avro) aşağı olmadığını göstərməlidirlər.
Sentyabrın 1-dək dil imtahanından keçməyə cəhd edən, lakin keçə bilməyənlər noyabrın 30-dək təkrar imtahan vermək hüququ qazanacaq, onların yaşayış icazəsi ilin sonuna qədər uzadılacaq.