“Zəngəzur ərazisinin kimə məxsusluğu hazırda sual altındadır. Çünki sərhədin delimitasiyası hələ də baş verməyib. Bu baxımdan, bilinmir, bəlkə, sabah Qafan Azərbaycanın ərazisi olacaq?”
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, İrandan Rusiyanın Qafanda baş konsulluq açması niyyətinə münasibət bildirib:
“Bu mövzu bəlli deyil deyə, bölgədə gələcək perspektivdə münaqişə ola bilər. Çünki Azərbaycanın mövqeyi hələ də tam şəkildə ifadə olunmayıb. O cümlədən rəsmi Bakı tələb edə bilər ki, 1920-ci illərdə Ermənistan SSR-ə verilən torpaqlar qaytarılsın. Bunu hamı başa düşür. Məhz bunun üçün də bir çox güclər istəyir ki, Zəngəzuru nəzarət altında saxlasın.
Artıq müəyyən addımlar atılır. Delimitasiya və demarkasiya prosesinə hələ çox var. Bəllidir ki, Ermənistan 1991-ci ildə olan sərhədlərdən imtina edib, ərazi iddiaları irəli sürüb və sərhədi ləğv edib”.
Eks-nazir xatırladıb: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edir ki, 1975-ci ilin xəritələrini əsas götürmək istəyirik. Azərbaycan bu məsələdə həlik cavab verməyib, amma ictimaiyyətin rəyi ondan ibarətdir ki, 20-ci illərin xəritəsi əsas olmalıdır.
Hesab edirəm ki, Rusiyanın Qafanda baş konsulluq açmaq niyyəti bu məsələ ilə bağlıdır.
Artıq Qarabağ məsələsinin tam şəkildə həll edilməsi istiqamətində proseslər gedir. Hətta Azərbaycan bu məsələdə iradəlidir və onun imkanları çoxdur. Ona görə də hamı istəyir ki, gələcəkdə olan münaqişəli məsələlər üçün əlyeri saxlasın. Elə bunun üçün də Avropa İttifaqı oraya missiya yollayıb, İran Qafanda konsulluq açır və s. Gözləməliyik, amma bu, o demək deyil ki, öz ərazimizdən imtina edəcəyik”.