“Separatçıların Xankəndi və ətraf ərazilərə 25 avtobusla “mülki ermənilər”i daşıması həm ideoloji diversiyadır, həm də siyasi təxribatdır”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.
O, Qarabağ separatçılarının Laçın-Xankəndi yolunun bağlanması ilə bağlı etiraz əlaməti olaraq Xankəndidən sərhədə 25 avtobusla mülki ermənilərin daşınılması və ərazidə etiraz aksiyaları keçirməsi planından söz açıb.
F. Sadıxova görə, əslində, bu hal danışıqlar prosesinə öz mənfi təsirini göstərəcək:
“Yəni həm Qarabağ ermənilərinin bizimlə dialoquna təsir göstərəcək, həm də regionda gərginlik artacaq. Ermənilərin də məqsədi budur. Gərginliyi artırmaq, dünya birliyinin diqqətini buraya cəlb etmək və onların hazırkı vəziyyətinin ölümə bərabər bir vəziyyətdə olmasını gündəmə gətirmək”.
Siyasi təhlilçi düşünür ki, əgər kimsə blokadada qalıb yeməyə çörəyi yoxdursa, onda onlar yardımın mənbəyini düşünməməlidir:
“İstər Çindən, istər Aydan, istərsə də kosmosdan, fərqi yoxdur, bunu qəbul etməliydilər. Amma onlar təklif etdiyimiz Ağdam-Xankəndi yolunu bağlayıblar. Deməli, belə bir nəticə çıxarmaq lazımdır ki, bunlar blokadada deyil, əksinə, etdikləri oyundur, teatr şousudur. Buna başqa nə demək olar?”
Müsahibimizin fikrincə, burada məqsəd danışıqlar prosesini ləngitmək, maneələr törətmək, problemlər yaratmaq, Azərbaycanı pisləmək, Azərbaycanı pis obrazda dünya ictimaiyyətinə təqdim etmək və sair:
“Etdikləri bundan başqa heç bir şey deyil. Maraqlıdır, bunlar 25 avtobusla gəlib nə edəcəklər? Gəlsinlər, görək, nə olur? Onları əyləşdirib gətirəcəklər, sonra da hay-küy salıb geriyə qayıdacaqlar. Axı vəziyyət dəyişməyəcək? Vəziyyətin dəyişilməsi Azərbaycandan asılıdır.
Biz onlara yol təklif edirik. İstəyirsiniz, etiraz edin, istəyirsinizsə, sərhəddə dayanan humanitar yardımları gözləyin, amma bu proseslər Azərbaycanla razılaşdırılmalıdır. Bunlar isə durduq yerə təxribat törətmək niyyətindədirlər. Əgər belədirsə, cavabları da adekvat olacaq”.