Ermənilər Yevlaxda görüşməyə razılıq verdilər - SON DƏQİQƏ

 Ermənilər Yevlaxda görüşməyə razılıq verdilər - SON DƏQİQƏ

“Separatçıların rəhbəri Araik Arutyunyanın Azərbaycana inteqrasiya mövqeyi hələlik rəsmi surətdə təsdiqlənməyib. Bu, “Hraparak” qəzetinin ehtimalıdır və həm də bu, qəzetin onu tənqid etmək üçün istifadə etdiyi bir metoddur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Analitik Qarabağın erməni icması ilə Yevlaxda keçirilməsi planlaşdırılan görüşlərdən söz açıb.

“Lakin buna inanmaq olar. Çünki Azərbaycan Prezidenti onlara sonuncu dəfə “xilas kəməri”ni tullayıb. Bundan əvvəl isə Prezident Qarabağdakı separatçıların inteqrasiyaya razılıq verəcəyi təqdirdə amnistiyaya düşə biləcəkləri haqqında mesaj göndərmişdi. Hətta ABŞ başda olmaqla Avropa ölkələri bunu alqışlamışdı”, - Q.Hüseynli bəyan edib.

“Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bildirdi ki, mən sözümün üstündə duran adamam. Mən sizin dilinizin qorunması, mədəniyyətinizin saxlanması, özünüzəməxsus idarəetmə orqanlarınız, bələdiyyə orqanlarınızın yaradılmasına təminat verirəm və bəri başdan bildirmək istəyirəm ki, siz indiki şəraitdən yaxşı vəziyyətdə yaşayacaqsınız”, - siyasi təhlilçi Prezidentin sözlərini təkrarlayıb. 

Müsahibimizin fikrincə, bu, kifayət qədər erməniləri qane edəcək bir mövqedir:

“Üstəlik, belə bir xəbər də yayıldı ki, ermənilər Yevlaxda görüşün keçirilməsinə razı olublar. Nə qədər doğrudur, bilmirəm, amma onların görüşə meylli olduqları əvvəlcədən bilinirdi, lakin fərqli məkanlar barədə fikirlər söylənirdi. Məncə, onlar razılaşmağa məcbur olacaqlar və Yevlax görüşü alına bilər. Üstəgəl, Prezident bu görüşün nəticəli olması üçün qabaqcadan ruhlandırıcı təkliflər irəli sürüb. 

Hesab edirəm ki, bu, yaranmış gərgin prosesin açılmasına, hadisələrin səngiməsinə və həll yollarının tapılacağı barədə nikbin ümidlər oyadır”.

“Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevin fikrincə, vəziyyət mürəkkəb olaraq qalır:

"Erməni tərəfi hələlik heç nəyi müəyyənləşdirə bilməyib və onlarda fikri ayrılığı mövcuddur.

İkincisi, onlar Azərbaycanla danışıqlara getmək və məsələni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə hazır deyillər. Ona görə də inanmıram ki, hansısa bir görüş ola bilər. Mən bunu görmürəm. O ki qaldı kimlərlə danışacağımıza, mənə elə gəlir ki, bu barədə danışmaq tezdir”.

18:05 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin