"Özümü sığortalayacam" - Qurban Qurbanov

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda Bakıda "Rakuv"la 1:1 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Asayis.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əfsuslar olsun ki, mübarizəni dayandırdıq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi. Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Xüsusən də, ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. İkinci yarıda biz üstün olduq. Futbolçular çox əziyyət çəkdi. Təəssüf ki, sonda çox məyus oldular. Xeyli sayda qol epizodlarımız var idi. Sadəcə üstünlük onlar tərəfə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularla birləşmişdilər. Bu, məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Uduza da bilərdik. Rəqibin əks-hücumları oldu. Amma böyük risklər etdik. Alına bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Əvəzetmələriniz tam olaraq başa düşülmədi. Elvin Cəfərquliyev və Redon Cica daha yaxşı uyğunlaşmışdı oyuna. Onları niyə dəyişdiz?

- Başa düşmədinizsə, sizi başa sala bilməyəcəm. Başa salası olsam, çox danışası olacam. Maraqlı sual oldu.

- Avropa Liqasında HİK-lə qarşılaşacaqsız. Bu matç haqda fikriniz necədir?

- Sabahdan rəqiblə yaxından tanış olmağa başlayacam. Ondan sonra tam fikirlərimi bildirəcəm.

- "Qarabağ" rəhbərliyi komandaya maliyyə ayırmır. Çempionlar Liqasının qrupunu istəyiriksə, yüksək ödənişli futbolçular alınmalıdır. Avropa Liqasında da güclü rəqiblər olacaq. Klub rəhbərliyi maliyyə ayıracaq ki, yaxşı oyunçular gətirəsiz?

- Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, suallarınızı verərdiniz, cəm şəkildə sizə cavab verərdim.

- Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyon manata yaxın vəsait daxil olmuşdu. Cənab Prezident də kluba pul ayırmışdı. "Qarabağ"ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur?

- Hər bir azərbaycanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Klubun etdiklərini, komandanın etdiklərini heç vaxt bildirməmişəm. Bu klubun pulları sayılırsa... Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən və futbolçular "Qarabağ"ın adının nə olduğunu bilirlər. Hər birimiz kasıb uşaqlarla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçürüksə, cavab verə bilməyəcəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Kiçik büdcə ilə böyük işlər görməyə çalışırıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəm. Rəhbərliyimiz futbolumuz üçün çox şey edib. Polşa mətbuatı, polşalılar, digərləri hamısı "Qarabağ"dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun. İnanın ki, burada nə məsuliyyətisiz işçi, nə məsuliyyətsiz futbolçu var. Burada olan hamı "Qarabağ"ın və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib.

- Hər iki matçda rəqib önə keçdikdən sonra hesabı bərabərləşdirə bildiz. Problem nədə idi? Niyə öncədən vura bilmirdiz qollarınızı?

- Burada izah edəsi fikrim yoxdur. Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu, nəinki "Rakuv"un. Sadəcə istifadə edə bilmirdik. Bəlkə ustalığımız çatmadı, rəqib yaxşı oynadı. Futbolda elə bir şey yoxdur ki, həmişə öncə mən qol vurmalıyam. Öz oyunumuzu oynadıq. İki komanda mübarizə aparırsa, biri çıxmalıdır. Demək ki, qismətimizdə bu imiş. Amma "Rakuv"dan nə çəkindik, nə də pis oynadıq. Ürəkli idik, rəqibin üzərinə çox gedirdik.

- Həftəsonu "Zirə" ilə oynayacaqsız. Bu ağır oyundan sonra komandanı həmin matça hazırlamaq nə dərəcədə çətin olacaq?

- Belə oyunlarımız olub. Bəlkə çətin olacaq. Həm yorğunluq, həm məyusluq var. Amma inanıram ki, futbolçularım bacaracaq. Tez bir zamanda futbolçuları bərpa etməliyik, çünki ayın 5-də oyunumuz var. Bu turnirə də yaxşı başlamaq istəyirik. Oynamayan oyunçularımız da var. Ola bilər böyük rotasiya edim.

- Düşünmədən soruşsam ki, niyə bu mərhələnin qalibi "Rakuv" oldu? İlk öncə hansı fikir ağlınıza gəlir?

- Ağlıma gələn ilk o oldu ki, 5-ci dəfə idi ki, Polşa klubları ilə qarşılaşırdıq və düşünürdüm ki, hardasa uduzmaq da var. Bu da "Rakuv"un qismətində imiş. Oyuna görə uduzmadıq. Futbolun yazılmayan qanunları var. Uğur hardasa dayanır.

- Əvvəlki illərdə deyirdiz ki, "Qarabağ"ın uğurları artdıqca, çəkinirəm. Çünki hamı daha çox şey tələb edə bilər. Əvvəlki illərdə "Qarabağ"da daha çox yerlilər olurdu. İndi isə 7 əcnəbi oyunçu var. Bəlkə transfer siyasətini dəyişəsiniz? "Rakuv"un yeni transferi Sonni Kittel ilk oyundaca qol vurdu və mərhələni gətirdi komandaya....

- Həm çox danışmaq, həm də az fikir bildirmək olar. Özümü sığortalayacam. Fikir desəm, deyəcəksiz, özünü doğru sayır. Dünyada elə komanda yoxdur ki, 10 il eyni səviyyədə olsun. "Barselona", "Real" və "Bavariya" da istədiyi transferləri edə bilmir. Dəfələrlə demişik ki, Azərbaycana legioner gətirmək asan deyil. Juninyo Vieyra 20 dəqiqə oynadı. Bundan əvvəl mikrozədəsi var idi deyə, hazırlıq səviyyəsi aşağı idi. 10-12 futbolçudan biri dərhal adaptasiya olur. Yerli futbolçularımız əvəzetmələrdə var idi. Amma meydanda 21-22 yaşlı Elvin, Bəhlul, Toral var idi. 19 yaşlı Nərimanı meydana buraxdıq. Dörd ÇL oyununda iştirak edib. Yerliləri yetişdirib hansısa səviyyəyə çıxarmaq asan deyil. Maksimi də sağ müdafiəçisi kimi oynada bilərdim, Bədavini də. Amma gənclərin oynaması, böyüməsi üçün Toralı meydana buraxdım. Öz etdiyim bəzi işləri, verdiyim qərarları açıqlamaq istəmirəm. Bu oyunu, ÇL-in qrupunu itirə bilərəm, amma 2-3 ilə o oyunçuları daha yaxşı səviyyədə görə bilərik. Yerlilərə də üstünlük veririk. Milli səviyyəsində oyunçu yetişirsə, Azərbaycan futbolu üçün pis deyil.

- "Qarabağ" "Viktoriya"(Plzen) və "Rakuv" kimi qapanan komandalara qarşı çətinlik çəkir. Abdullah Zubir və Leandro Andrade cinahlarda istəniləni vermədi. Bununla razısız?

- Rəqib nə qədər imkan verir, biz o qədər hücum edirik. Əlbəttə ki, əlavələr edirik. Hansısa düşündüyümüz başqa hücumlar olur. Belə rəqiblərə qarşı tək bizim üçün yox, çox komandalar üçün asan deyil. Buna baxmayaraq, az qol epizodlarımız olmadı. Görünən odur ki, bu cür komandalar qalib gəlmək üçün, hər bir oyunçu, istər Zubir, istər Andrade daha aktiv olmalı, daha yaxşı oynamalıdırlar. Desəm ki, bu gün meydanda hərəkətsiz idilər, oynamaq istəmirdilər, xeyr. Bacardıqları qədər hücumlarda iştirak etdilər. Zubirin ayağında top olanda, o zonaya üç rəqib gəlirdi. 60-cı dəqiqədən sonra Zubir beş dəfə cərimə meydançasında istədiyini etdi. Amma sonluq olsaydı... İki qol ötürməsi verdi, sadəcə qapıya getmədi. Daha da güclü oynasaydılar, daha da yaxşı idi. Amma futbolçularımdan razı qaldım. Qarşıdakı matçlarda daha yaxşı oynayarlar.

Qafqazinfo

10:22 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin