“Mən 40 ildir ki, hər ay pul ödəyirəm, niyə?” - Etiraz

 “Mən 40 ildir ki, hər ay pul ödəyirəm, niyə?” - Etiraz

“Artıq 1 aya yaxındır ki, “Yuxu kimi” serialının çəkilişlərini bitirmişik. Avqustun sonu, sentyabrın əvvəli çəkilişlər yenidən başlayacaq. Hal-hazırda istirahət edirəm. Ailəmlə, balalarımla bir arada olmaq mənim üçün əsl istirahətdir. Yarım aya yaxın Bakıda kiçik qızımın yanında qaldım. Çünki Gəncədə çəkilişlər çox idi, onu demək olar ki, görmürdüm. Daşkəsəndə, Xoşbulaqda dağ evimiz var, sonra gəldik orada istirahət etdik. Bu gün Gəncəyə düşmüşük, ora da çox soyuqdur. Balalarımla vaxt keçirə bilirəmsə o mənim üçün istirahətdir” 

Asayis.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Gəncə Dövlət Dram teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra Həmkarlar İttifaqının fəaliyyətindən gileylənib.

“Mən artıq 40 ildir ki, bu sənətdəyəm. İl boyu biz necə əzab-əziyyətlə işləyiriksə onu bir Allah bilir. Gəncə Mədəniyyət Həmkarları təşkilatından nə vaxt xahiş etmişik bizə bir “putyovka” verin gedib dincələk, əllərinə dəsmal götürüb ağlayıblar. Bəlkə də başqa yerdə belə deyil, amma bizdə belədir. Elə ağlayırlar, az qalırıq deyək ki, yaxşı kimi göndərmək istəyirsizsə pulunu verək, alın verin gedək. Həmişə də qurumun Bakıda fəaliyyət göstərən nümayəndəliyini günahlandırırlar ki, onlar bizə vermir. Niyə vermirlər?! Mən 40 ildir ki, hər ay Həmkarlar İttifaqına pul ödəyirəm. Niyə ödəyirəm o zaman pulu?! Bizim xalq artistimiz var idi, Vaqif Şərifov. Xəstə idi. Gəncə Mədəniyyəti Həmkarları İttifaqına dəfələrlə müraciət olunsa da nəticəsi olmamışdı. İclasda ayağa qalxıb dedim ki, bu adam 60 ildir Həmkarlar İttifaqına niyə pul ödəyir?! Əlbəttə ki, onların xətti ilə istirahətə mən də yollanmaq istərdim. Bilirsiniz ki, bu dəqiqə qiymətlər bahadır. Sanatoriyalar var ki, orada həm müalicə ala bilərsən, həm də istirahət edə bilərsən. Mümkün deyil ki, oralara gedək” deyə aktrisa bildirib.

Xalq artisti tamaşaçıların ona olan sevgisindən də danışıb.

“Çox şükürlər olsun ki, tamaşaçıların sevgisi böyükdür. Sənət insanını bu sevgi yaşadır. Səni görəndə tamaşaçı ürək sözlərini, böyük sevgi ilə, bəzək-düzəksiz sənə deyirsə, əsl sənət adamı üçün bu dünyanın ən böyük mükafatıdır. Bu sarıdan çox xoşbəxtəm” deyə xalq artisti deyib.

10:19 - 31 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin