Nigerdə 26 iyul dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirən hərbçilər qonşu ölkələrə xəbərdarlıq edib.
Asayis.Az xəbər verir ki, bu barədə "Niger Press Agentliyi" məlumat yayıb.
Hərbçilərin yaratdığı Milli Şuranın sözçüsü, polkovnik Amadu Abdraman dövlət televiziyasının efirində bildirib ki, Nigerə qonşu dövlətlər silahlı müdaxiləyə hazırlaşır.
"Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) qarşıdan gələn zirvə görüşündə hərbi müdaxilə yolu ilə Nigerə qarşı təcavüz planı hazırlanır", - Abdraman deyib.
Abdraman qeyd edib ki, ordu ölkəni xarici müdaxilədən qorumaqda qərarlıdır.
ECOWAS 1975-ci ilin yazında Qərbi Afrika ölkələri tərəfindən yaradılıb. Təşkilat regionun 15 dövlətini birləşdirir. Son bir neçə ildə hərbçilərin hakimiyyəti ələ keçirdiyi 3 ölkənin - Burkina Faso, Qvineya və Malinin təşkilata üzvlükləri dayandırılıb.
Nigerin paytaxtında Fransanın ən böyük hərbi hava bazası yerləşir, fransız kontingentinin sayı təxminən 1 500 əsgərdir. Almaniya, İtaliya və ABŞ-ın hərbi hissələri də hazırda ölkə ərazisindədir. "Associated Press" agentliyi qeyd edir ki, ABŞ əsgərlərinin sayı min nəfərə çatır.//Report