Asayis.Az xəbər verir ki, bu barədə öz sərəncamında olan operativ çəkiliş kadrlarını dərc edən Caliber.az saytı bildirib. Kadrlardan görünür ki, daşınan yük onun içərisində olanların gizlədilməsi məqsədilə çadırla örtülüb. Saytın məlumatına görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb.
Sayt iki müstəqil mənbəyə istinadla dəqiqləşdirir ki, silahların tədarükçüsü son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır.
Prezident İlham Əliyevin də bu məsələdə Hindistana açıq xəbərdarlıq etdiyini xatırladan Caliber.az qeyd edir: “Bizim əlimizdə olan videokadrlarda görünür ki, Hindistan aşkar şəkildə faktiki olaraq Ermənistanı silah və hərbi texnika ilə təmin etməyə başlayıb. Hərçənd Bakı bütün kanallar vasitəsilə Yeni-Dehlini erməni ordusunun yenidən silahlandırılması və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyalarının yaradılması ilə bağlı xəbərdar edirdi”.
Beləliklə, bu ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?” Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Sonra məqalədə qeyd olunub ki, Yeni-Dehlidə bunun hansı nəticələr doğuracağını anlamaya bilməzlər: Ermənistana silah-sursat, ölümcül silahlar, o cümlədən “Pinaka” zenit-raket sisteminin və uzaqmənzilli silahların tədarükü hətta sərhəd bölgəsindən uzaqda yerləşən dinc Azərbaycan şəhərlərinə birbaşa təhlükə yaradır. Axı 44 günlük müharibə əyani şəkildə göstərdi ki, döyüş meydanında məğlub olan erməni ordusu dinc yaşayış məntəqələrini atəşə tuta, öz evlərində yatan sakinləri qətlə yetirə bilər...
Müəllif yazır: “Bu məsələdə ən sinik olan odur ki, Hindistan gur səslə beynəlxalq hüquqdan danışır, lakin Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişənin qızışdırılması və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hindistanın da üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır. Bundan başqa, axı məhz Nehru QH-nin yaradılmasının təşəbbüskarlarından biri olub...”
Tədarüklərin İrandan keçməsinə gəldikdə, sayt qeyd edir ki, cənub qonşusu artıq çoxdandır ki, Azərbaycana münasibətdə öz riyakarlığı, ikiüzlülüyü və düşmənçiliyi ilə bizi təəccübləndirmir.
Məqalədə deyilir: “Molla rejiminin artıq çoxdandır ki, beynəlxalq münasibətlərdə izqoya çevrilməsinə baxmayaraq, bu, Yeni-Dehlini heç də utandırmır. Şəxsi olan heç nə yoxdur, böyük məbləğdə pullar və geosiyasi maraqlar. Uzunsaqqallı fanatiklər 45 ildir bağırırlar ki, bütün dünyada müsəlmanların maraqlarının müdafiəçiləri qismində çıxış edirlər, Azərbaycanla qardaşlıq əlaqələrindən danışırlar, amma artıq çoxdan Ermənistanla ağız-ağıza veriblər və bu səbəbdən heç bir şübhə yeri qoymadan öz ərazisini “daşlar ölkəsinə” xaricdən silah göndərilməsi üçün təqdim edirlər”.
AZƏRTAC