Son zamanlar insanların şikayət etdiyi mövzulardan biri feysbukun (Facebook) onları tez-tez bloklamasıdır. İnsanları gah qruplarda paylaşım etməyi qadağan edir, gah əsassız şikayətlərlə bəyənmə və rəy yazmağı bloklayır. Səhifələrdə, qruplarda, hətta şəxsi hesablardakı paylaşımları çox az insanın qarşısına çıxarır.
Feysbukdakı bu problemlər nədən qaynaqlanır?
Mövzu barədə açıqlama verən İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Fərid Kazımov deyir ki, feysbuk yeni alqoritmə keçəndən insanların qarşısına daha az paylaşım çıxarır:
“Feysbuk illər uzunu belə yanaşma ilə işləyib. Burada problem ondadır ki, feysbukda əvvəllər məlumatları hamımız yerləşdirirdik, paylaşırdıq. Biri var fərdlər, biri var qurumlar və s. Orada süni intellekt, alqoritmlər tətbiq olunur. Əgər sizin 10 min dostunuz, sizi təqib edənlər varsa, onun yalnız 10-15 faizi ən yaxşı halda sizin paylaşımı görə bilir. Əgər siz gün ərzində paylaşım edə bilirsinizsə, siz 2-3 dənə paylaşım etsəz, onların sayı get-gedə azalır. Bu alqoritm ona görə olub ki, insanlar, təşkilatlar, qurumlar və s. sui-stifadə edərək reklam xarakterli məlumatları pulsuz yaya bilməsinlər”.
Ekspert bildirdi ki, feysbukun əsas prinsipi reklam, pul üzərində qurulub:
“Feysbuk əsas biznes modeli üzərində reklam xarakterli məlumatların yerləşdirilməsi, onların satılması üzərində qurulub. Yəni siz reklama pul ödəyirsiz, onlar da istifadəçilərə göstərir. Bunun üzərində qurulduğuna görə onlar istəmirlər ki, siz bunu özbaşına edəsiniz. Bunu o halda dəf etmək olur ki, o zaman ki, sizin paylaşımlarınızı insanlar çoxlu bəyənir, özləri həmin paylaşımı paylaşırlar, o zaman daha aktual olur. Bu aktuallıq nəticəsində insanlar müəyyən mənada görə bilir. Feysbukun məqsədi reklam xarakterli məlumatları sizə satmaqdır ki, siz bezəsiniz və ödəniş edəsiniz, öz paylaşımlarınızın ödənişli yayımını təmin edəsiniz. Feysbuk da pulu buradan qazanır”.
Mütəxəssisin sözlərinə görə, feysbukun istifadəçiləri bloklamasının qarşısını almaq üçün bir neçə yol mövcuddur:
“Feysbuk sizi bloklayırsa, belə də ola bilər ki, sizin paylaşımlarda qeyri-normal nəsə görür və sizi bloklamağa başlayır. Bunu feysbukda adamlar etmir, sırf proqram təminatı edir. Məsləhət verərdim ki, rəsmi qeydiyyatdan keçin. Bir çox hallarda səhifələr necə yaranır, hansısa şəxs öz profilindən səhifə yaradır. Amma bunu rəsmi səhifə kimi təsdiq etsəniz, müəyyən prosedurlar var ki, onlardan keçsəniz, artıq sizi rəsmi səhifə kimi tanıyacaq və problem olmayacaq. Feysbuk rəsmi tanımadığı üçün sizi qeyri-normal qarşılayır. Siz xəbər yaymaq istədikdə mənbə eyni olduğundan onlara da eyni yanaşmanı edir. Bu alqoritmin yanaşmasıdır. Bir məsləhət də verim ki, problemlə üzləşənlər feysbuk şirkətinə bir şikayət məktub yazsınlar. Gec cavab versələr də, qoy bu məktub onlarda olsun ki, onlar buna baxıb müəyyən şeylər etsinlər”.
Fərid Kazımov bildirdi ki, feysbuk bu yanaşma ilə istifadəçilərini sürətlə itirməyə davam edir:
“Facebook son 2-3 ildə yeni alqoritm tətbiq eməyə başladı. Məlumatların yayılmasını daha da məhdudlaşdırdı. Əgər əvvəllər 10 faiz görə bilirdisə, indi daha az bir hissə görə bilir. Amma feysbuka sərf etmir ki, siz məlumatlarınızı pulsuz yayasınız. Feysbuk deyir mənə pul ver, daha yaxşısını edim. Hər qoyduğunuz paylaşıma 1-2 dollar atsanız, bəlkə sizi bloklamaz və sizi normal qəbul edər. Şəxsi hesabları da səhifəyə, orada paylaşılanlara yaxın olaraq görür deyə, eyni alqoritmi hesablara da tətbiq edir. Alqoritm bağlantılarınızı görə bilir. İnstagram və Linkedinə üstünlük verməyi məsləhət görürəm. Çünki feysbuk belə edərək, istifadəçilərini sürətlə itirir”.