“İran çalışır ki, Azərbaycan dilini “Azəri” kimi təqdim etsin” - AÇIQLAMA

 “İran çalışır ki, Azərbaycan dilini “Azəri” kimi təqdim etsin” - AÇIQLAMA

Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirib ki, İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident qeyd edib ki, “İRNA Azərbaycan” iki ölkə arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərəcək.

Asayis.Az xəbər verir ki, tanınmış iranşünas, politoloq Sədrəddin Soltan açıqlamasında deyib ki, informasiya sahəsində əməkdaşlıq müsbət irəliləyişə səbəb ola bilər, lakin İran bu məsələdə Azərbaycan tərəfini də nəzərə almalıdır:

“Tərəflər arasında informasiya sahəsində əməkdaşlıq normal haldır. “İRNA Azəri” adı yanlışdır, ilk növbədə buna diqqət etməlidirlər. İran çalışır ki, Azərbaycan dilini “Azəri” kimi təqdim etsin, belə bir dil adı yoxdur. Belə adda bölmənin fəaliyyət göstərməsi yanlış olardı”. 

Politoloq vurğulayıb ki, İran Azərbaycanın onun qarşısında qaldırdığı digər siyasi tələbləri də yerinə yetirməlidir:

“Rəsmi Tehran İrandakı Azərbaycan diplomatik missiyasının təhlükəsizliyinə təminat verməlidir. Tehrandakı səfirliyimizə edilən hücumun iştirakçılarının cəzalandırılması və Azərbaycan tərəfinə bu barədə məlumat verilməsi də İranın öhdəçiliyidir. Onun Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərən terrorçu qrupların bizə təhvil verilməsi də əsas məsələlərdən biridir. Bu kimi çözülməmiş məsələlər qaldıqca İRNA-nın Azərbaycan barəsində yayacağı xəbərlər qərəzli və tərəfli ola bilər. Bu da münasibətlərin korlanmasına gətirib çıxara bilər”.

Demokrat.az

13:56 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin