Baş Prokurorluqdan Ermənistanla bağlı MÜRACİƏT

 Baş Prokurorluqdan Ermənistanla bağlı MÜRACİƏT

Azərbaycan Baş Prokurorluğu Ermənistanın ekoloji cinayətləri ilə bağlı beynəlxalq və xarici tərəfdaşlarına əməkdaşlıq barədə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən Asayis.az-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olmuş, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir.

Müəyyən edilmişdir ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Çirklənmə nəticəsində Oxçuçaya tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır. Bu işdə həmçinin aparıcı dünya dövlətlərindən olan xarici investorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər. Dağ-mədən obyektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.

Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya Nazirliklərinə müraciət edilmişdir.

Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstərilərək müəssisələrin fəaliyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsində əməkdaşlıq təklif edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bəyan edilir ki, yol verilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcəkdir".

16:45 - 21 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin