“Mənə dedilər, gərək Ramiz Mehdiyevdən icazə alasan” - Məşhur YAP-çı şok faktlar açıqladı

 “Mənə dedilər, gərək Ramiz Mehdiyevdən icazə alasan” - Məşhur YAP-çı şok faktlar açıqladı

“Son dövrlər sosial şəbəkələrdə gündə bir diplom paylaşırlar ki, filankəs fəlsəfə, siyasi elmlər doktoru filandır. Elə bil ki, Ali Attestasiya Komissiyası çönüb olub bir market, sanki orada diplom satırlar”.

Asayis.Az 
xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq deputat Musa Musayev deyib.

O, bundan bir müddət öncə Ali Attestasiya Komissiyasında baş verən həbsə toxunub.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilərək, həbs edilmişdi.

M. Musayev əlavə edib:

“Bütün günü bu barədə sosial şəbəkələrdə paylaşımlar edirlər. Biz görmüşük ki, alim hər hansı bir yeniliyə nail olar, kəşflər edər və alimlik dərəcəsi alar. Şəxsən, tanıdığım adamlar var ki, texnikum bitirib, amma gedib elmlər doktoru, hətta professor rütbəsinə qədər qalxıb. Ona görə də Ali Attestasiya Komissiyasından olan məsul bir şəxsi həbs etdilər. Bu, yolverilməzdir, ayıbdır. Adamlar var ki, öz tərcümeyi-halını, xasiyyətnaməsini yaza bilmir, ad-soyadını yazanda səhvlərə yol verir. Hətta görürsən ki, Ana dilimizi bilmir, amma alimlik dərəcəsi alır”.

O, Əməkdar artist Elza Seyidcahanın AYB üzvü olması faktına da rəy verib:

“Keçən dəfə gördüm ki, Elza Seyidcahan adlı müğənnini Azərbaycan Yazıçılar Birliyinə üzv seçiblər. Bu, bizim fazciəmizdir, ayıbdır, bunları dayandırmaq lazımdır. Ömür boyu bizim tanınmış, hörmətli və nüfuzlu alimlərimiz, doktorlarımız, professorlarımız, akademiklərimiz olub, bunlar kəşflər edib. Bizim Yusif Məmmədəliyev kimi akademikimiz olub ki, o, İkinci Dünya müharibəsi dövründə yüksəkoktanlı benzini kəşf edib. SSRİ-nin müharibədə qalib olmasının bir səbəbi də həmin o yüksəkoktanlı benzin olub”.

Sabiq deputata görə, son dövrlər isə heç bir səviyyəsi, səriştəsi, savadı və biliyi olmayan adamlar alimlik dərəcəsi alıb:

“Mən “Facebook”da aktivəm deyə görürəm ki, hamı orada diplomlarını paylaşır. Hətta sosial şəbəkə hesabında buna münasibətimi bildirmişəm. Mən bir neçə universiteti bitirmişəm, o cümlədən 2002-ci ildə millət vəkili olarkən, Bakı Dövlət Universitetinin dissertantı olmuşam, elmi iş aparmışam. O vaxtı mənə dedilər ki, millət vəkilisən deyə, müdafiə edə bilməzsən. Sonra Naftalanın icra başçısı oldum, dedilər ki, sən icra başçısısan deyə alimlik dərəcəsi ala bilməzsən. Hətta işsiz olduğum dövrlərdə belə, – baxmayaraq ki, bütün işlərimi yekunlaşdırmışdım – avtoreferatım hazır olanda universitetdən mənə dedilər ki, sən sərəncamdasan, gərək Ramiz Mehediyevdən icazə alasan, sonra müdafiə edəsən. Ondan sonra mən bütün bu şeylərə nöqtə qoydum, yazığım bütün o elmi işlər və məqalələri yığıb bir kənara atdım”.

“Başa düşə bilmirəm, dünən institut qurtaran uşaqlar bu gün alimlik dərəcəsi alır. Belə şeymi olar? Düşünürəm ki, Ali Attestasiya Komissiyasında islahatlara böyük ehtiyac var və orada bu kimi prosesləri durdurmaq lazımdır. Heç bir təcrübəsi olmayan insanlara alimlik dərəcəsi verilir. Bu, bizim keçmiş alimlərimizi və akademiklərimizi nüfuzdan salan bir əlamətdir”, – müsahibimiz fikirlərini tamamlayıb.

17:59 - 19 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin