Bədənimizin təxminən 60%-i sudan ibarətdir. Bədənin əsas funksiyalarının davamlı olması üçün zəruri şərtlərdən biri olan su qəbulu, təəssüf ki, həmişə ideal deyil. Gündəlik su ehtiyacı ödənilmədikdə bir çox psixi və fiziki problemlər yarana bilər. Biz bunu dərk etməsək də, bədənimiz daim su itirir.
Tərləmək başda olmaqla bədən funksiyalarını yerinə yetirərkən və hətta nəfəs alarkən bədənimiz su itirir. İtirilmiş su bərpa edilmədikdə susuzlaşdırma riski ön plana çıxır. Bütün bu səbəblərə görə içməli su vacibdir.
Asayis.az “Waternet”ə istinadən "Gündəlik nə qədər su içmək lazımdır?" sualının cavabını təqdim edir.
Mütəxəssislərin gündə neçə litr su içilməsi ilə bağlı müxtəlif təklifləri var. Ümumi danışmaq lazım gələrsə, gün ərzində 2 litrə uyğun gələn 8 stəkan su içmək ideal hesab olunur. Ancaq bu hər kəs üçün kifayət etməyə bilər.
2016-cı ildə “Annals of Family Medicine” jurnalında dərc olunan məqalədə bədən səthinin sahəsi, maddələr mübadiləsinin sürəti və bədən çəkisinin gündəlik su ehtiyacı üzərində təsirli olduğu göstərilib.
Məlumdur ki, bədən çəkisi artdıqca mayeyə ehtiyac da artır. Bədən çəkisinə görə qəbul edilməli olan suyun miqdarını öyrənmək üçün son dərəcə sadə bir formula var. Kiloya görə gündəlik su ehtiyacını hesablayarkən şəxsin çəkisi 0,033-ə vurulmalıdır. Məsələn, 70 kq-lıq bir insanın çəkisinə görə içməli olduğu su miqdarı 2,31 litr olduğu halda, 90 kq-lıq insan üçün bu miqdar 2,97 litr civarındadır.
Təbii ki, su içməyi təkcə çəkiyə görə hesablamaq olmaz. İnsanın ümumi sağlamlıq vəziyyəti, havanın temperaturu və fəaliyyət səviyyəsi kimi bir çox amilləri nəzərə almaq daha faydalıdır.