Asayis.Az xəbər verir ki, Milli Məclisin sabiq deputatı, siyasətçi Cümşüd Nuriyevin “Yeni Sabah”a müsahibəsi:
- Deputat Madər Musayevin vəfatı ilə Milli Məclisdə boş qalmış yerlərin sayı 8-ə çatdı. Siz boş qalmış dairələrdə təkrar seçki ehtimalını necə qiymətləndirirsiniz?
- Allah Madərə rəhmət etsin. O, bizimlə də millət vəkili olub və ən uzunömürlü millət vəkillərindən biri idi. 33 il parlament üzvü kimi çıxış edib. Amma hazırkı qanunvericiliyə görə 2/3 səs çoxluğu 83 nəfərdir. Ona görə də seçkinin keçirilməsi ancaq mövcud siyasi vəziyyətdən asılıdır. Konstitusiyaya görə Prezident bunu edə bilər. Yəni ayrı cür mümkün deyil. Ya Mərkəzi Seçki Komissiyası vəsatət qaldırmalıdır, ya da Prezident. Əgər bu şəkildə davam etsə, – çünki parlamentdə yaşlılar kifayət qədərdir – ola bilər ki, ilin sonuna qədər yeni seçkilər olsun. Amma hüquqi cəhətdən heç bir problem yoxdur, konstitusion çoxluq var.
- Siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi 3 gün öncə yekunlaşdı. Bu günə qədər 31 siyasi partiya özünü buraxıb, təxminən 20-yə yaxın partiya isə yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Sizcə, neçə partiya dövlət qeydiyyatına alına bilər? Ümumiyyətlə, Azərbaycanda neçə siyasi partiyanın mövcudluğunu məqbul sayırsınız?
- 20 partiyanın özü belə çoxdur. Çünki 10 milyonluq əhalinin 6 milyon seçicisi var. 6 milyon seçicinin isə maksimum 6 partiyası ola bilər. Yəni 20 partiya qalıbsa hələ, bu da çoxdur. Dünyanın hər yerinə baxın, oturuşmuş dövlətlərdə 4-5 partiya olur. Əsas dövlətlərdə 2 partiyadır, iqtidar və müxalifət var. Ola bilər ki, sağçı, solçu, mərkəzçi, liberal və ekoloqlar olsun ki, bu da 5 istiqaməti özündə formalaşdırır. Amma Azərbaycanda siyasi partiyalar 2 istiqamətdə formalaşır. Ya lider olur, ya da ideya. Azərbaycanda isə yeni bir lider yoxdur. Ona görə də bu, mümkün deyil. İdeyada isə adətən, müstəqillik xalqı daha çox cəlb edir. Lakin bu da yoxdur. Çünki Azərbaycan müstəqil dövlətdir.
- Ümumiyyətlə, Azərbaycanda neçə siyasi partiyanın mövcudluğunu məqbul sayırsınız?
- Bu gün Azərbaycanda nə elə bir güclü şəxsiyyət var ki, onun ətrafında toplansınlar, nə də elə bir güclü ideya. Bu ölkə üçün 5-6 partiyadan çox partiyanın olması heç nəyə yaramır. Mənə elə gəlir ki, 10 milyonluq xalq üçün 20 partiya da çoxdur. Bir düşüncə tərzinə görə yanaşmalar maksimum 10 partiya ola bilər. Nəzərə alsaq ki, əhalinin 50%-i rayonlarda yaşayır, amma onların hüquqlarını da qoruyan heç bir partiya yoxdur. Yəni “Kəndli Partiyası” mövcud deyil, sahibkarların, fermerlərin hüquqlarını qoruyan yoxdur. Kənd adamının başqa nə marağı olacaq ki? Onlar siyasətdən uzaq adamlardır. Siyasət daha çox şəhərlərdə kimlərinsə marağına xidmət edir.
Ədliyyə Nazirliyi necə qeydiyyatdan keçirəcək, deyə bilmərəm, amma 20 partiya çoxdur. Əvvəl 10 min adam limiti daha yaxşı idi, lakin 5 minə endirdilər. Əgər bir partiya öz ətrafında 10 dənə adam toplaya bilmirsə, bunun nəyi partiyadır? Əlində qovluğu olan adam bir partiya idi. Belə partiya olar? Parlamentdə 10-11 dənə partiya var. Kimə lazımdır axı? 1 adam 1 partiyadır. Bir YAP, bir də VHP-dən başqa bütün partiyalar 1 nəfərin simasında təmsil olunur axı. Bu, düzgün deyil.
Mən “Siyasi partiyalar haqqında” qanunla tanış olmuşam. Yeni qanun həm də demokratik bir qanundur və onu xeyli dəyişikliyə uğratdılar. Bu, 2-3 dəfə ictimai müzakirədən keçdi və biz də təklfilərimizi yazdıq. Ona görə “Siyasi partiyalar haqqında” qanunu bu məsələdə günahlandırmaq düzgün deyil.
Ölkədə şüuraltı olaraq əhalini başqa istiqamətə yönəltmək, daha çox iqtidarı tənqid etməklə nələrəsə nail olmaq mümkünsüzdür. Ortaya proqramlar işləyib qoymaq lazımdır ki, iqtidar bu proqramla getmirsə, bu yanlışlar baş verəcək. Partiyalar arqumentlə danışmalıdır. Yoxsa bazar söhbətləri etməyin axırı yoxdur. Ona görə də “Siyasi partiyalar haqqında” qanunu normal sayıram.
- “Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsi proporsional seçki sisteminin bərpasını yenidən gündəmə gətirib.
- Bu, olsa yaxşı olar. Çünki Azərbaycan 125 nəfər deputatı qəbul edəndə əhalisi 7 milyon idi. İndi isə 10 milyondan çox əhalimiz var. Azərbaycan hazırda 152-dən çox dövlətlə beynəlxalq münasibətlər qurub. 125 deputatın 152 dövlətlə münasibətləri mümkünsüzdür. BMT-nin belə 193 üzvü var. Ona görə də heç olmasa 170 nəfər parlamentdə olsa, bu, daha yaxşı olar, nəinki indiki 125 nəfərlə.
Onsuz da bu gün parlamentin gücü zəifdir, üzvlərinin sayı azdır. Nəzərə alsaq ki, onların yarıdan çoxu, ümumiyyətlə, deputat adına layiq deyil. İndi 117 deputat varsa, onun 17-si tanınır, 100-ü isə yoxdur. Çoxu rəhmətlik Madər Musayev kimi elə-belə gəlib-gedənlərdir. Adam 33 il deputat oldu, amma 1 dəfə danışdı. Ona görə də belə deputatların olmasındansa, olmaması daha yaxşıdır.