“Tovuz döyüşlərinə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Birincisi, taktiki – strateji baxımdan Tovuz rayonu və döyüşlərin getdiyi məntəqə olduqca əhəmiyyətlidir. Azərbaycan oradakı yüksəkliklərin işğal olunmasına heç bir halda imkan verməməli idi. İkinci məqamsa ondan ibarətdir ki, Azərbaycan xalqı Tovuz döyüşləri zamanı sözün əsl mənasında dövlət – ordu – xalq birliyini formalaşdırdı. Bu birlik işğal altındakı torpaqlarımızı azad etmək qüdrətinə sahib olduğumuzu göstərdi”.
Asayis.Az xəbır verir ki, bu fikirləri açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, Tovuz döyüşləri 2016-ci il aprel hadisələri, 2018-ci il Günnüt əməliyyatının davamı kimi Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılıb:
“44 günlük müharibədə qələbə çalmağımızın əsas ilhamverici qüvvəsi də məhz əvvəlki illərdə baş verən döyüşlər idi. Biz bu döyüşlərdə taktiki və strateji baxımdan mövqelərimizi saxladıq. Azərbaycan ordusu olduqca əhəmiyyətli istiqamətdə mövqe itkisinə yol vermədi. Aprel döyüşlərində və Günnütdə məğlub olan Ermənistan Tovuzda üstünlük əldə etməyə çalışırdı. Bu üstünlüklə də Paşinyan hökuməti özünü reklam edəcəkdi və erməni cəmiyyətində nüfuz qazanacaqdı. Heç birinə nail ola bilmədilər”.
Ekspert qeyd edib ki, Ermənistanın alt-üst olan planlarının əvəzində Azərbaycan zəruri istiqamətlərdə üstünlük qazanmağı bacardı:
“Bu istiqamətlər əlaqəli əməliyyatların keçirilməsi və erməni ordusunun hansı səviyyədə olması barədə yetəri məlumatların toplanılması idi. Ardınca Azərbaycan vətəndaşlarının səfərbərlik imkanları müəyyənləşdirildi. Bəlli oldu ki, xalqımız müharibəyə hazırdır. Sadaladığım məqamlar Azərbaycanın 44 günlük müharibədə zəfər qazanmasına zəmin yaratdı”.
R.Məmmədli onu da əlavə edib ki, Tovuz döyüşləri həm də diaspor təşkilatlarının səfərbər olması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Həmin günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ayağa qalxdı. Davamlı aksiyalar, tədbirlər, mitinqlər keçirildi. Düşmənə qarşı nümayiş etdirilən birlik onun əsl simasını da üzə çıxardı. Erməni diasporları ilə aramızda bir savaş başlamışdı. Bu baxımdan Tovuz döyüşlərini həmrəyliyimizdə mühüm dönüş nöqtəsi hesab edə bilərik”.
Demokrat.az