“Qaçaq malların, qanunsuz hərbi birləşmələrin Azərbaycana keçməsinin qarşısı Laçında sərhəd buraxılış məntəqəsinin açılması ilə alındı. Buna baxmayaraq humanitar yardım adı altında qeyri-qanuni daşımalar davam etdirilir. Xankəndi istiqamətdə daşınan yüklərin içində beynəlxalq Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən istifadə edilməsi də bunun bariz sübutudur”.
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Laçın nəzarət – buraxılış məntəqəsində qanunsuz yolla daşımalar həyata keçirən ermənilərin və onlara yardım edən BQXK-nin təxribatını şərh edən deputat Arzu Nağıyev bildirib.
“Sərhəd qoşunları və gömrük idarələri bununla bağlı müvafiq qərarlar qəbul edəcəklər. Əməliyyat-istintaq prosesinin gedişində məlum olacaq bəzi məqamlar. Biz dünyaya göstəririk ki, sərhədlərin bağlı olması, delimitasiya – demarkasiya işlərinin aparılması və nəzarət – buraxılış məntəqələrinin açılması çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfinin BQXK-nin fəaliyyətini məhdudlaşdırmaq barədə qərarı labüddür”, - deyə deputat qeyd edib.
A.Nağıyev qeyd edib ki, ermənilər və onlara havadarlıq edən beynəlxalq tərəflər qanunsuz əməllərinə son qoymadıqca Azərbaycan da buna uyğun addımlar atmağa davam edəcək:
“Bu hər nə qədər narazılıq doğursa da təhlükəsizlik və sabitliyimiz üçün başqa yol yoxdur. Azərbaycan bununla öz suverenliyini və ərazi bütövlüyünü qoruyur. Bu da bizim haqqımızdır. Bilməlidirlər ki, istənilən belə cəhdin qarşısı anındaca alınacaq”.
Demokrat.az