Rusiya və Ukrayna arasında sülh danışıqları baş tuta bilər
Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.
Asayis.Az xəbər verir ki, bunu “Yeni Şafak”a hərbi mənbələr bildirib.
Qeyd olunub ki, indiki durumda rəsmi Moskvanın başqa yerdə danışıqlara razılıq verməsi mümkün deyil: “Türkiyə hər iki tərəflə danışa bilən yeganə ölkədir. Bu, mümkün razılığın İstanbulda əldə olunmasına dair ehtimalı artırır”.
Mənbə söyləyib ki, rəsmi Ankara da Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik və ev sahibliyi etməyə isti yanaşır: “Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu prosesin Türkiyənin liderliyi ilə sürətli şəkildə baş tuta biləcəyinə işarədir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.
2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında “Taxıl sazişi” imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib.
Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. (Report)