Ermənistanda minlərlə xəstə palliativ (sağalması mümkün olmayan xəstələrin əzabının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi – red.) tibbi yardımdan məhrum olub.
Bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə isə xidmətlərin bir hissəsi ödənişlidir. Xəstələrin əksəriyyəti habelə lazım olan opioidləri almır.
Ölkənin Səhiyyə Nazirliyindən qeyd olunub ki, BMT-nin Narkotiklər üzərində Nəzarət Komitəsi ötən il Ermənistan üçün opioidlər üçün 12,5 kq kvotanı təsdiqləyib, lakin bundan cəmi 2 kiloqramı istifadə edilib.
Qeyd olunur ki, “Enaran” Fondu Ermənistanda hər gün 3 600 xəstənin palliativ müalicəyə ehtiyacı olduğunu hesablayıb. Məlumata görə, ölkədə hər gün orta hesabla 3 370 nəfər (palliativ yardıma ehtiyacı olanların 93,7%-i) ağrıdan əziyyət çəkir.