Qanunsuz erməni silahlı dəstələri Qarabağa silah daşımağa davam edirlər. Az öncə onların Xankəndi-Kərkicahan yolu ilə silah daşındığını əks etdirən görüntülər yayılmışdı.
Bu gün yayılan görüntülərdən isə aydın olur ki, ermənilər Xankəndi-Xəlfəli yolu ilə də silah daşımağa davam edirlər.
Özü də bu qanunsuzluq bilavasitə Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirir.
Azərbaycanın sülhə yönəlik addımları qarşılığında erməni tərəfinin hələ də bu cür təxribatlara əl atmaqda məqsədi nədir? Rusiya tərəfi nədən bu cinayətdə iştirak edir?
Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadə Bakupost.az -a açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdikdən sonra hər zaman Ermənistana yardım ediblər.
Bir neçə ay bundan əvvəl gənclərin ekoloji aksiyasından sonra həmin ərazidə postumuzun açıldığını xatırladan C.Paşazadə qeyd edib ki, burada Azərbaycan bayrağının qaldırılması erməniləri qıcıqlandırdı:
"Onlar Rusiya sülhməramlılarının gözü qarşısında əsgərlərimizi gülləbaran etdilər. Əsgərlərimiz arasında yaralananlar oldu. Bütün bunlar Ermənistanın hələ də öz fikrindən daşınmadığını göstərir. Biz isə bölgədə sabitlik olmasının tərəfdarıyıq”.
C.Paşazadənin sözlərinə görə, bu təxribatlarda xarici ölkələrdə yaşayan erməni diasporu da ciddi rol oynayır:
"Onlar yenə də Ermənistanın çalxalanmasını istəyirlər. Sərhəddə bizim dinc sakinlərimizə, hərbi hissədə dayanan əsgərlərimizə böyük həmlələr edirlər.
Lakin bu Ermənistan siyasi və iqtisadi cəhətdən çöküşünə gətirib çıxara bilər. Gələcəkdə ola bilsin, Yerəvan qalacaq, lakin Ermənistan xəritədən silinəcək”.
Deputat Rusiyanın erməni separatçılara dəstək verməsinə də münasibət bildirib:
“Ukrayna müharibəsi, eyni zamanda Rusiyan daxilində qiyam cəhdi, daxili hərc-mərcliyə baxmayaraq, rus hərbçiləri və siyasətçiləri hələ də Ermənistana dəstək verməyə çalışırlar. Onlar hələ də Qafqazda, Qarabağda söz sahibi olduqlarını göstərmək istəyir, buna görə də təxribata yol verirlər. Lakin bu gün Laşın yolunda post qoyulması Rusiyanın yox, bizim iradəmizin nəticəsidir. Gələcəkdə Ermənistanla sərhəddin delimitasiya və demarkasiya işləri də həllini tapacaq”.