“Əgər məni Yazıçılar İttifaqına üzv qəbul ediblərsə, deməli, buna layiqəm”.
Asayis.Az xəbər verir ki, bu sözləri müğənni, bəstəkar Elza Seyidcahan Vesti.az-a açıqlamasında Yazıçılar Birliyinə qəbul olunması ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, ötən gün Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin Elza Seyidcahana Yazıçılar Birliyinin üzvü vəsiqəsini təqdim etməsi sosial şəbəkələrdə tənqid və ironiyaya səbəb olub.
“Mən bununla fəxr edirəm və söz verirəm ki, buna böyük məsuliyyətlə yanaşacağam”-deyə E. Seyidcahan bildirib.
O qeyd edib ki, Yazıçılar Birliyinə üzv olması xəbəri insanlara hətta zəlzələnin sarsıntısını belə unutdurub.
“Çoxları üçün dərmana çevrilməyimə sevinirəm. Problemlərini unutdular. Onlar ancaq zəlzələdən yazırdılar. Amma Elza Seyidcahanın Yazıçılar Birliyinə qəbul olunması müzakirə mövzusunu dəyişdi”.
Elza Seyidcahan baş verənlərə mütləq yeni şeiri ilə cavab verəcəyini bildirib: “Məni ancaq savadlı tənqidçilərin fikri maraqlandırır, savadsız tənqidçilərin fikri mənim üçün əhəmiyyətsizdir”.