Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi

 Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi

İyulun 5-də Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Asayis.Az xəbər verir ki, Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirdi.

Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd etdi, Türkiyənin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirdi.

Türkiyənin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkəmizin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verdi.

Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

12:59 - 5 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin