“Qiyam Putin hakimiyyətini laxlatdı” - Zərdüşt Əlizadə

 “Qiyam Putin hakimiyyətini laxlatdı” - Zərdüşt Əlizadə

“Əgər bir hərbi hissənin komandiri Müdafiə Nazirliyinə qarşı qalxırsa və onun rəhbərliyini devirməyə çalışırsa, bu qiyamdır. Şübhəsiz ki, Putin bu qiyamı edənləri, bu işdə əli olanları cəzalandıracaq.​ Ancaq bu, heç nəyi dəyişməyəcək. Baş verənlər Putin hakimiyyətini dəyişə bilməsə də, laxlatdı, xeyli zəiflətdi, onun legitimliyi şübhə altına alındı. Əhali arasında onun müdrikliyinə olan inam xeyli sarsıldı”.



Asayis.Az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, ​ “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin cinayətkar rejimin tərkib hissəsidir:

"O, oliqarxdır, Putinin yaxın adamıdır. Bütün bu quruluş canilərdən ibarətdir. Orada cani olmayan yoxdur, hamısı canidir. Priqojin də onlardan biridir. Sadəcə, Rusiyada hakimiyyətin bölüşdürülməsi məsələsində ciddi narazılıq yaranıb. Putin vaxtilə hakimiyyətə gedən yolunu açmaq üçün Sankt-Peterburqun qubernatorunu devirməyə çalışmışdı. İndi də Priqojin, Şoyqu və Gerasimov bunu etdi. Putin bunu onlara bağışlamayacaq".

Z.Əlizadə hesab edir ki, Priqojinin əməllərinə hüquqi qiymət veriləcək:

"Ancaq bu heç nəyi dəyişməyəcək. Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda belə bir hadisənin baş verməsi Putinin imici üçün çox ağır zərbədir.​ Bu, sıradan bir hadisə deyildi və Rusiya daxilində vətəndaş müharibəsinə, ciddi siyasi böhrana gətirib çıxara bilərdi. Bütün bunlar Rusiyanın güclü dövlət olmadığını, Putinin və hökumətin zəiflədiyini göstərir”.

Politoloq qeyd edib ki, Putin baş verənlərin önünü ala, bir qərar verə bilmir:

"Nə Ukrayna ilə müharibəyə son qoya, nə Qərblə münasibətləri tənzimləyə, nə də iqtisadiyyatı dərin böhrandan çıxara bilir".
 

14:22 - 25 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin