Rusiyanın güc strukturlarının əməkdaşları “Vaqner” Xüsusi Hərbi Şirkətinin Sankt-Peterburqdakı binasını mühasirəyə alıb.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, binada yoxlama aparılır.
Məlumata görə, əməliyyatı Rusiya Qvardiyasının Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları keçirir. Onlar binaya mülki geyimli şəxslərlə birlikdə daxil olublar.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.//Report