Azərbaycanın Xankəndi şəhərində rus sülhməramlılarının arxasında gizlənən separatçı lider Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
Təbii, məktubun mətninə baxdıqda Araikin Putinə yalvardığı, sülhməramlılara “getmə gözümdən gedərəm özümdən” dediyi aydın görünür.
Ukrayna ordusunun əks-hücuma keçdiyi və Putinin gərgin olduğu bir məqamda yazılmış bu məktuba Rusiya liderinin “mən nə hayda, bu nə hayda” dediyi şübhəsizdir.
Region ölkələrində nəhayətsiz siyasi xaos hökm sürür.
Ermənistan – Qərb və Rusiya arasında seçim etməli, Bakının şərtləri əsasında sülh müqaviləsi imzalamalı, bunu xalqına qəbul etdirməlidir.
Gürcüstan – ərazisində yaradılmış iki separatçı qurumla mübarizə aparmaqla yanaşı, Qərb-Rusiya məngənəsində sıxılıb qalıb.
İran – uranın zənginləşdirilməsinə görə beynəlxalq təzyiqlə üz-üzədir, Taliban və İsraillə gərginlik qalmaqdadır.
Rusiya – çıxılmaz hesab olunacaq bir müharibədə gün keçdikcə qan itirir.
Və nəhayət, Azərbaycanla Türkiyə…
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Bu, Türkiyə liderinin gərgin keçən seçkidə qələbə qazandıqdan sonra ilk xarici səfəri idi.
Ərdoğan daha əvvəl də ənənəyə uyğun olaraq əvvəlcə Azərbaycana gəlirdi, ancaq fikrimcə, dünənki səfər nəticələrinə görə digərlərindən fərqlənəcək.
Globalinfo.az-a danışan əksər ekspertlər də Ərdoğanla Əliyevin mühüm məsələləri müzakirə edəcəyini deyirlər. Bu məsələlərdən birinin Qarabağda separatizmin ləğvi istiqamətində olacağıdır. Bakı artıq separatizmin məhvinə başlayıb. Belə ki, daha erməni hərbçiləri Laçın postundan buraxılmırlar. Yəni Azərbaycan artıq sivil yolla ərazisini terrorçulardan təmizləməyə başlayıb. Qalır sülhməramların arxasında gizlənən erməni silahlılarına qarşı antiterror əməliyyatı keçirmək.
Ərdoğanla Əliyevin görüşdə məhz bunu da müzakirə edəcəyi gözlənilir. Bir qədər əvəl Prezident İlham Əliyev separatçıların amnistiyası barədə mesajlar vermişdi. Demişdi ki, əgər təslim olsalar, bu barədə düşünmək olar. Lakin başda Araik olmaqla digər separatçılar bu müsbət çağırışı dəyərləndirə bilmədilər. Belə olan halda Bakı Qarabağda terrorizmi, separatizmi ləğv etmək üçün praktik addımlar atmalı olacaq.
Nəticədə separatçı lider Araik Arutyunyan öz ayaqları ilə Bakıya gələcək və ona separatçı mahiyyətinə uyğun vəzifə veriləcək – Kürdəxanı həbsxanasında bir-birinə qarışmış corabların ayrılması üzrə baş corabdar!