“Erməni diasporu açıq şəkildə sülh anlaşmasının əleyhinədir” - Professor

 “Erməni diasporu açıq şəkildə sülh anlaşmasının əleyhinədir” - Professor

“Vaşinqton görüşünün Azərbaycan tərəfdən təxirə salınmasının səbəbi aparılan danışıqlarda bəzi məqamların aydın olmamasıdır”. 

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib. 

Analitik qeyd edib ki, Ermənistan irəli sürülən sülh maddələrinin özünə uyğun şəkildə qəbul edilməsini istəyir:

“Ermənistan bu prosesə Qarabağ ermənilərinin haqq və təhlükəsizliyi ilə bir yerdə baxılmasını istəyir. Sirr deyil ki, hər görüşdə də bunu dilə gətirir. Azərbaycan isə bu məsələyə özünün daxili işi kimi baxır. Təbii ki, danışıqlar Vaşinqtonda da bu istiqamətdə gedəcəkdi. Qərb, ABŞ və Rusiya özü də həmin mövqenin qəbuledilməz olduğunu anlayır. Ermənistanın həmin məsələdə israrı yalnız danışıqlar prosesini deyil, ancaq sülhə gedən inamı sarsıdır”. 

Q.Çaxmaqlı bildirib ki, danışıqlarda Ermənistanın bu mövqeyi onun qeyri-konstruktivliyinin göstəricidir:

“Həmçinin, prosesə daha çox beynəlxalq qüvvələri cəlb etmək cəhdi kimi qiymətləndirilməlidir. Onlar düşünürlər ki, məsələni iki ölkə arasında münaqişə həddindən beynəlxalq problemə çevirməklə daha çox dəstək ala biləcəklər. 

Ümumiyyətlə, ermənilərin Rusiyanın mövqelərinin bir qədər zəifləməsindən yararlanmaq kimi gizli niyyətlərini də sezmək mümkündür. Onlar Rusiyanın təsir imkanlarını da azaltmaqla nəyəsə nail olacaqlarını hesablayır və çoxdandır ki, bu yöndə diplomatik manevrlər edirlər. 

Həmçinin, diasporun sülh prosesi ilə bağlı təzyiqləri qarşısında da duruş gətirmək imkanlarını da səfərbər edirlər. Erməni diasporu açıq şəkildə sülh anlaşmasının əleyhinədir, onunla hesablaşmaq məcburiyyəti isə Ermənistan rəhbərliyini çətin duruma salıb. Bu isə həm danışıqlar prosesini gərgin atmosferə daxil edir, həm də bölgədə gərginliyə səbəb olur. Atəşkəsin pozulması da bütün bunlarla əlaqədardır”. 

Professor qeyd edib ki, Rusiya bölgədə varlığını sürdürmək üçün atəşkəsin pozulmasına qəsdən imkan verir:

“Bununla da, onun müdaxilə imkanları genişlənir. Çünki, Qərbi onu sıxışdırıb bölgədən çıxartmaq kimi niyyətlərini önəmli ölçüdə azaldır. 

Ümumiyyətlə, Rusiyaya burada hərbi varlığını təmin edəcək hadisələr lazımdır. O, bu gün atəşkəs elan edir, ancaq sabah lokal savaşların olması istisna deyildir. Yetər ki, onun bölgədə söz sahibi olmasını gərəkdirən cəhətlər işə düşsün”.
 

Demokrat.az

17:36 - 12 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin