Bəxtiyar Hacıyevin evində axtarış aparılmasına ABŞ-dan REAKSİYA

 Bəxtiyar Hacıyevin evində axtarış aparılmasına ABŞ-dan REAKSİYA

ABŞ Dövlət Departamenti ictimai fəal Bəxtiyar Hacıyevin evində axtarış aparılması məsələsinə münasibət bildirib.
Asayis.Az xəbər verir ki, bu barədə Departamentin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə müvafiq sualı cavablandırarkən danışıb.
Jurnalist xatırladıb ki, ABŞ əvvəllər Bəxtiyar Hacıyevin işi ilə bağlı müraciət edib.

“Hökumət nəinki onu azad etməkdən imtina etdi, hesabatlar göstərir ki, onlar ona qarşı başqa əlavə ittihamlar irəli sürməyə hazırlaşırlar. Dünən onun evinə basqın ediblər. Onlar onun keçmiş dövlət katibi Hillari Klintonla şəklinə dair bəzi “sübutlar” tapıblar. Sadəcə maraqlanıram ki, bu barədə deyəcək bir şeyiniz varmı? Vəkili bu gün ona baş çəkib və bildirib ki, əlavə yardıma ehtiyacı var, çünki o, travma alıb”, - jurnalist bildirib.

V. Patel bildirib ki, ABŞ B. Hacıyevin istintaqının davam etdirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və onun işini yaxından izləməyə davam edir:

“Onun tezliklə azadlığa buraxılmasına çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qəti sadiq qalırıq və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.

Xatırladaq ki, iyunun 6-da Bəxtiyar Hacıyevin Bakıda özünün, Gəncədə atasının, Göygöl şəhərində qardaşının evində və avtomobillərində axtarış aparılıb.

"Mənim evimdə axtarış iki saat davam etdi. Bəxtiyarla əlaqəli sənədlər, disklər, flaşkartlar axtardılar. Dedim ki, məndə belə bir şey yoxdur. Bundan sonra bizim ailə fotosunun olduğu diskləri və Bəxtiyarın 2011-ci ildə Bakıda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonla çəkdirdiyi fotonu götürdülər", - fəalın qardaşı Vüqar Hacıyev bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

 

11:18 - 8 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin