“Sərhəddəki sıravi ermənilərlə qurulmuş təmaslar Xankəndi və ətraf ərazilərdə çoxdan baş verməli idi. Yəni 2020-ci ildə əldə olunmuş razılaşmaya görə inteqrasiya prosesləri getməli idi, amma təəssüflər olsun ki, Ermənistan tərəfi buna getmədi, eləcə də Qarabağdakı qondarma qurumun “rəhbərliyi” də buna razılıq vermədi. Digər qüvvələr də bunlara havadarlıq etdi”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
O, Azərbaycan dövlətinin sərhəddə həyata keçirdiyi yurisdiksiya siyasətinin yaxın dövrlərdə Qarabağın dağlıq hissəsində də reallaşdırılması məqsədindən söz açıb.
Xatırladaq ki, ötən gün Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov da açıqlamasında söyləmişdi ki, bu Azərbaycan dövləti üçün prioritet bir məsələdir.
“Təbii olaraq, Azərbaycan dövləti bu istiqamətdə işlərini planlaşdırıb həyata keçirəcək. Amma bunun hansı formada, qaydada və vaxtda həyata keçirilməsi ilə bağlı məlumat yoxdur. Çox güman ki, bununla əlaqədar dövlət qurumlar hazırlıqlar aparır və həyata keçirilməsi prosesində problemlər yaranmasın deyə planlar bir qədər məxfi saxlanılır”, - o, əlavə edib.
Analitik istisna etməyib ki, bu günün özündə Qarabağdakı sıravi ermənilərin təhlükəsizliyinin və inteqrasiyasının təmin edilməsi üçün Azərbaycan xüsusi xidmət orqanları onlarla müvafiq danışıqlar aparır:
“Hansı qaydada və kimlər tərəfindən aparılmasına gəldikdə isə bu barədə məlumatlı deyilik.
Ermənilər də burada 2 şeyi başa düşürlər: birincisi, onların başqa yolu yoxdur və Azərbaycanın buraxılış məntəqəsindən keçmək lazımdır; ikincisi bu məntəqədən keçmək onlar üçün təhlükəli deyil. Əgər Azərbaycan bu gün Qarabağın dağlıq hissəsində öz suveren hüquqlarını bərpa etmək istəsə, reallıqda buna mane olacaq qüvvə də yoxdur. Doğrudur, sülhməramlılar oradadır, amma son baş verənlər onu göstərdi ki, Azərbaycan bir çox əməliyyatları həyata keçirə bilər”.
Müsahibimizin fikrincə, Azərbaycanın inteqrasiya prosesinin hazır şəkildə həyata keçirilməsi isə artıq ermənilərin özündən asılıdır:
“Yəni özlərini bədbəxt, bizi isə əlavə güc sərf etməyə vadar etmək istəməsələr, bu proses sülh yolu ilə həyata keçiriləcək. Yox, əgər bunu zor yolla həyata keçirməyə vadar etsələr, gec-tez söylədiklərim olacaq. Zənnimcə, hadisələr bu istiqamətdə cərəyan edəcək.
O ki qaldı Azərbaycan bayrağının Xankəndidə dalğalanması ilə Azərbaycanın dövlət orqanlarının təmsilçilərinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərməsinə, bu, müəyyən vaxt tələb etsə də, həyata keçiriləcəyinə inanıram”.