Paytaxt Bakını sel basması ilə bağlı açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb: “Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda, birmənalı qiymət vermək hələ tezdir.
O qeyd edib ki, Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir: “Bu isə bəzən alınır, bəzən yox. Hər halda, problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür. Bilirsiniz ki, bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir, amma biz də bu prosesdə iştirak edirik, özümüzü kənarlaşdırmırıq. Hər halda, təhlillər aparıldıqdan sonra rəsmi məlumat verəcəyik”.
Eldar Əzizovun özünün etiraf etdiyi bir məsələ Bakıda yağış sularının, kanalizasiya sisteminin bərbad duruma düşməsinin əsas səbəblərindən birini gündəmə gətirir.
Söhbət ondan gedir ki, Bakıda çoxsaylı göydələnlər inşa edilərkən MMC-lər kanalizasiya sistemini, drenaj xətlərini yalnız kağız üzərində qurur və ya yeniləyir. Hətta bəzi yerlərdə “göydələnlər” tikilərkən kollektorlar, drenaj xətləri məhv edilib.
Burada məsuliyyət daşıyan tərəflərdən biri də məhz elə BŞİH-dir. Çünki tikintiyə onlar icazə verir, bu məsələlərə nəzarət etmək də onların öhdəliyidir. Ancaq müəyyən maraqlar müqabilində yeni binalar tikənlərin tullantı suları sisteminə əhəmiyyət verməməsinə göz yumulur və beləcə istismara qəbul olunur. Nəticə isə göz önündədir.
Ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, Bakıda tikintilər o həddə aparılıb ki, onları qaydalara uyğun etmək böyük söküntülər və milyardlarla vəsait tələb edir: “Bakıda kanalizasiya sistemi 2 milyon əhali üçün nəzərdə tutulub. SSRİ dövründə yağış suları üçün ayrıca xətlər mövcud idi. Onların bir çoxu kəsilib və kanalizasiya sisteminə birləşdirilib. Ona görə də bir az artıq yağıntı olan kimi bu sistem dözmür. Nəticədə faciəli durumlar yaranır. Bu səbəbdən də ən yaxşı həll yolu Bakının yükünün azaldılmasıdır. Ola bilər ki, bu, tezliklə mümkün olmayacaq. Paytaxtda 4 milyona yaxın insan yaşayır. Paytaxt yaşanmaz hala gəlib. Avtomobil yolları, ictimai nəqliyyat, infrastrukturla bağlı kifayət qədər ciddi problemlər var. Bu problemlərin həlli və Bakının yükünün azaldılması üçün strateji plan hazırlanmalıdır. Qarabağa köçün instensivləşməsi və orada həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarlar verilməlidir. Nazirliklərin bir qisminin, universitetlərin ora intensiv şəkildə köçürülməsi də bura daxildir. Bundan sonra Bakının yükü azaldıqca infrastruktur problemlərini də addım-addım həll etmək mümkün olacaq. Bakı hələ də ölkənin tək inzibati deyil, həm də iqtisadi paytaxtıdır. Yəni bütün iqtisadi və sosial fürsətlər, infrastrukturla bağlı məsələlər Bakıda cəmlənib. Paytaxta regionlardan axın dayanmır. Ona görə də Bakının yükünün azaldılması ilə bağlı orta və uzun müddətli proqramın qəbul olunmasından söhbət gedir. Bakının problemlərini dərindən həll etmək üçün vaxt və külli miqdarda vəsait lazım olacaq. Şəhərdə yeni kanalizasiya sisteminin qurulması üçün milyardlar tələb olunur. Azərbaycanın isə indi o vəsaiti yoxdur. Ona görə də bu məsələyə daha strateji baxmaq lazımdır. İlk olaraq Bakının yükü azaldılsın, ikinci növbədə paytaxtın vahid mərkəzdən idarə edilməsi konsepsiyasına keçid olmalıdır. Ciddi pərakəndəlik var. Qurumlar problemləri bir-birinin üzərinə atırlar. Böyük şəhər bələdiyyəsi yaradılmalı və şəhər hökuməti formalaşmalıdır. Bütün bunlar strateji planın tərkib hissəsi olmalıdır”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, hər bir ərazinin təhlükəsizlik konsepsiyası olmalıdır: “Bu konsepsiyada təhlükələrdən qorunmaq üçün bütün proseslər ardıcıllıqla qeyd olunmalıdır. Dövlət orqanlarının koordinasiyalı əlaqələri orada göstərilir. Yəni fəlakət baş verərsə, hansı qurum kiminlə işləyəcəyini bilir. Əvvəlcədən təbiət hadisələri ilə bağlı məlumat verilir. Dövlət qurumları hansı ərazilərdə təhlükə ola bilər deyə ciddi xəbərdarlıq etməli, həmin əraziləri nəzarətə götürməlidir. Məsələn, tunellərin su ilə dolacağı haqqında artıq əhaliyə məlumat verilməli idi. Elə fərdi yaşayış evləri var ki, orada kanalizasiya sistemi qurulmayıb. Orada su daşması qaçılmazdır. Qurumlar əvvəlcədən buna hazır olmalıdır. Doğrudur, fəlakətlərdən 100 faizli sığotalanma yoxdur. Lakin önləyici tədbirlər həyata keçirməklə risklərdən qaçmaq olar. Burada ancaq konsepsiya köməyə gələ bilər. Yağış təhlükəsi varsa, deməli, onu aradan qaldıracaq nələrin ediləcəyi bəllidir”.
Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, şəhərsalma memarı Cahid Həsənov deyir ki, Bakının hazırkı kanalizasiya sistemi bu qədər əhali üçün nəzərdə tutulmayıb: “Müstəqillik dövründən sonra Bakının dünya paytaxt şəhərləri ilə ayaqlaşması və regionlardan bura çox axının olması sayəsində standartların öhdəsindən gəlməli olan kanalizasiya sistemi atıq tələblərə cavab vermir. Yağıntı norması nə qədər çox olarsa, bu cür şəraitdə biz fəlakətli hallarla çox üzləşəcəyik. Prospektlərdə, tunel və keçidlərdə suyu ötürə bilən xüsusi kommunikasiya sistemi olmalıdır. Su ötürücüləri onun səviyyəsinin 1 metrdən çox qalxmasına imkan verməməlidir. Mərkəzi küçələrin, ara məhəllə və prospektlərin hər dəfə yağış normadan çox olduğu hallarda fəsadlarla üzləşməsi, nəqliyyat vasitələrinin dayanması, tıxacın yaranması, insanların dizə qədər suyun içində qalması kimi halların olmaması üçün əvvəlki dövrlərdə çəkilmiş kanalizasiya sistemi yenidən qurulmalıdır. Şəhərin ümumi kanalizasiya və su sisteminin dəyişdirilməsi çox vəsait tələb edir. Buna görə də təhlükənin ola biləcəyi hissələrdə tədricən edilməlidir”. (Musavat.com)