Son günlər Qarabağla bağlı ən çox müzakirə olunan məsələlərdən biri də Xankəndinin girişində qoyulan “Biz və bizim dağlar” (“Tatik və papik”) abidəsidir.
Abidə 1967-ci ildə Azərbaycan SSRİ hesabına Əsgəran rayonunda, Xankəndiyə girişdə tikilib. Abidənin müəllifi erməni əsilli heykəltəraş olub, lakin pulu Azərbaycan hökuməti ayırıb.
Abidənin əslən məşhur azərbaycanlıya həsr olunduğunu deyənlər də var, müəllif Sarkis Baqdasaryanın abidədə milli erməni geymində öz nənə babasını canlandırdığını söyləyənlər də.
Qeyd olunur ki, abidənin bu cür erməniləşdirilməsi daha sonra Azərbaycan rəhbərliyində suallar doğursa da, sonda erməni əhalisini incitməmək və abidəni açmaq qərara alınıb.
Abidə ilə bağlı səsləndirilən fikirlərdən biri də budur ki, “Tatik və papik”in (Baba və nənə) bədəninin yarı hissəsinin torpağın altında olması bu yaşlı ermənilərin məhz bu torpaqdan yaranaraq köklü olmasını sübuta yetirmək cəhdləri ilə bağlıdır.
Bildirilir ki, abidə beli Azərbaycana, üzü isə Ermənistana baxaraq erməni birliyi, gələcəkdə ayrılmağın siyasi mənasını güdür.
Moskva təkidi ilə Azərbaycan hesabına tikilən bu abidə hələ o vaxt da azərbaycanlı ziyalıların etirazına səbəb olmuşdu.
Ermənilər bu abidəni qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsas və dəyişməz simvolu kimi təqdim edirlər. Həmçinin qondarma qurumun gerbində də bu abidə öz əksini tapmışdı.
Bu gün isə sosial şəbəkələrdə abidənin memarının Səfi Qarayev olduğu iddia edilib.
Müzakirələrlə bağlı Ölkə.Az-a danışan tədqiqatçı-alim Faiq İsmayılov bildirib ki, abidənin müəllifi erməni olub:
“Artıq hər şey həll olunub və hər şeyə öz mövqeyimizdən baxırıq. Amma doğru olanı deməliyik. Bu istiqamətdə mənim əvvəllər yazılarım olmuşdu. Bu, bir erməni memarının işi idi. Sırf sovet dövrünün məhsulu idi. “Xalqlar dostluğu” ideyaları zamanı dəbdə olan bir hadisə idi. Düşünürəm ki, o abidənin müəllifinin kim olması o qədər də önəmli deyil. Ona görə ki, mən bir ziyalı olaraq öz mövqeyimi deyirəm. Ümumilikdə, “tatik və papik”in orada mövcudluğunun lap çoxdan əleyhinəyəm. Çünki o, sovet dövründə qoyulsa belə, obrazlar sırf erməni obrazıdır. Yəni bu da həmin ərazinin ermənilərə məxsusluğu, guya ermənilərin həmin ərazidə yaşayan köklü xalq olduğunu “sübut edən” abidə kimi ucaldıblar.
Ümumiyyətlə, Xankəndinin özündə türk soyqırımı ilə bağlı abidələr var və bunlar götürülməlidir. Onlar həmin abidələr vasitəsilə türk düşmənçiliyini inkişaf etdirirdilər. O heykəl bizim milli dəyərlərimizə aid deyil. Azərbaycanda xristianlıq dövrünə aid olan bütün abidələr mədəni irsimizdir, amma “tatik və papik” süni surətdə ora qondarılıb. Çünki tarixi bir kökü yoxdur. Xankəndi ərazisində ermənilər yaşamayıblar. Ermənilər oraya 1918-1920-ci illərdən sonra köçürülüblər”.
Faiq İsmayılov heab edir ki, erməni işğalı dövründə Qarabağda Azərbaycan dövlətindən icazə alınamadan tikilmiş hər bir kilsə də sökülməlidir:
“Sovet dövründə Azərbaycan ərazisində ermənilərin dini ibadətləri 1989-cu ildən başlayıb. 1987-ci ildə Mixail Qorbaçovun qərarından sonra Üçmüədzin kilsəsindən bura ilk dəfə yepiskop təyin olunub. Ermənilərin bu ərazidə dini ibadətləri 1989-cu ildən hüquqi status daşıyırdı. Ermənilər Qarabağda kifayət qədər alban dövrünə aid kilsə və monastrlarda ibadətlərini edə bilərlər. Onlar işğal dövründə etnik təmizləməyə məruz qoyduqları inzibati yaşayış məntəqələrində kilsələr tikiblər. Bunun biri Laçın şəhərində, digəri Zabux kəndindədir.
Hansı ki, o ərazilərdə son 100 ildə, ümumiyyətlə, ermənilər yaşamayıb. O cümlədən Xocalı, Xocavənd, Kəlbəcər və digər ərazilərdə də kilsələr tikilib və bütün bunlar Azərbaycan dövlətinin razılığı əsasında olmalı idi. Əgər onlar qeyri-qanuni kilsələr tikiblərsə, işğal dövründə tikilən bütün kilsələr sökülməlidir. Çünki onların heç bir tarixi əhəmiyyəti və bizim mədəni irsimizə bağlılığı yoxdur. Həmin ərazidə 2645 tarix və mədəniyyət abidəsi var ki, onların 1880-ı memarlıq abidəsidir və bunun da 1000-ə yaxını xristianlıq dövrünə aid monastrlar, kilsələr və s.dir”.